"Qalatasaray" "Lokomotiv"in futbolçusu Aleksey Batrakovun transferində israrlıdır
Türkiyənin "Qalatasaray" klubu Rusiyanın "Lokomotiv" komandasının 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakovu heyətinə qatmaq niyyətini davam etdirir.
Operativ Media xəbər verir ki, bu barədə türkiyəli jurnalist Erdem Açıkgöz məlumat verib.
Mənbənin iddiasına görə, İstanbul təmsilçisinin rusiyalı futbolçunun keçidini həyata keçirmək üçün Rusiyada iki nümayəndəsi fəaliyyət göstərir. Klub rəhbərliyi avqustun 10-u da daxil olmaqla, qarşı tərəfdən müsbət və ya mənfi cavab gözləməyə hazırdır.
Bununla yanaşı, "sarı-qırmızılılar" təklif etdikləri məbləği artırmağı planlaşdırmırlar. "Lokomotiv" bu transferdən imtina edəcəyi təqdirdə, Türkiyə klubu həmin mövqe üçün əvvəlcədən müəyyənləşdirdiyi alternativ variantlara yönələcək.
Qeyd edilib ki, daha əvvəl jurnalist Uğur Öztürk "Qalatasaray"ın Batrakov üçün bonuslar da daxil olmaqla 25 milyon avro təklif etdiyini bildirib. Danışıqlar barədə məlumatı insayder Nikolo Skira da yayıb.