Mourinyo Bernardo Silvanın fiziki formasından narazıdır
"Real Madrid" klubunun baş məşqçisi Joze Mourinyo komandanın yeni transferi Bernardo Silvanın fiziki formasından narazı qaldığını və onun fiziki göstəricilərini yaxşılaşdırmalı olduğunu bəyan edib.
Operativ Media xəbər verir ki, 31 yaşlı portuqaliyalı yarımmüdafiəçi "Mançester Siti" ilə müqavilə müddəti başa çatdıqdan sonra azad agent statusunda İspaniya təmsilçisinə qoşulub. Təcrübəli futbolçu "blankos"un heyətində debüt matçına Budapeştdə "Ferentsvaroş"a qarşı keçirilən yoldaşlıq görüşündə (2:1) çıxıb və ikinci hissədə meydançaya daxil olub.
Mütəxəssis ESPN-ə açıqlamasında Silvanın komanda üçün mühüm fiqur olduğunu, lakin məzuniyyət dövründə tam dincəldiyi üçün düşərgəyə zəif fiziki formada qayıtdığını diqqətə çatdırıb. Mourinyo bildirib ki, qarşılaşma zamanı futbolçunun fiziki gücünün çatışmadığını görərək onu daha irəliyə — "10 nömrə" mövqeyinə çəkib. Baş məşqçi, həmçinin Silvanın universal oyunçu olduğunu və meydanda üç-dörd fərqli mövqedə çıxış etmək bacarığını vurğulayıb.
Qeyd edək ki, Portuqaliya milli komandasının üzvünün "Real" ilə bağladığı müqavilə 2028-ci il iyunun 30-dək nəzərdə tutulub.