Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib
Ötən gün Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması və xüsusilə gecə saatlarında sakinlərin rahatlığının pozulmasının qarşısının alınması məqsədilə növbəti nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə motosiklet və digər motonəqliyyat vasitələrinin sürücüləri saxlanılıb.
Araşdırma zamanı ayrı-ayrı sürücülərin şəhər ərazisində, xüsusilə gecə saatlarında yüksək sürətlə hərəkət etməsi, motosikletlərin konstruksiyasına müdaxilə edərək əlavə avadanlıqlar quraşdırması, səsboğucu sistemlərində dəyişiklik etməklə normadan artıq səs-küy yaratması, eləcə də dövlət qeydiyyat nişanı və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməsi halları müəyyən edilib.
Aşkar edilən qayda pozuntularına hüquqi qiymət verilərək 30-a yaxın sürücü barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən bu istiqamətdə nəzarət-profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.