"Qarabağ"ın baş məşqçisi: Avrokubokları çempionata qurban vermək fikrimiz yoxdur
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın qarşılaşdığı sıx qrafikdən, avrokuboklardakı hədəflərdən və çətin dönəmlərin gətirdiyi təcrübədən danışıb.
Operativ Media xəbər verir ki, "Tvente" ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında mütəxəssis müvəqqəti sıxıntıların idman mühitində adi hal olduğunu və bunların komandanı daha da möhkəmləndirdiyini qeyd edib.
"Çətin vaxtlar futbolda tez-tez olur. Mən buna çətinlik deməzdim. Bu, futbolun bir parçasıdır. Belə vəziyyətlər hər zaman yaşana bilər.
Biz Avropada oynamaqdan heç vaxt vaz keçmək istəmirik. Avrokubokları çempionata qurban vermək kimi bir fikrimiz yoxdur. Çünki Avropa tamam başqa səviyyədir. Konfrans Liqası olsa belə, orada çox tanınmış və keyfiyyətli komandalar var. Biz bu mübarizədən əl çəkmək istəmirik.
Xüsusilə yeni gələn futbolçularımız üçün bu turnirdə oynamaq, məsuliyyət daşımaq və uyğunlaşmaq baxımından böyük təcrübədir. Mən yeni oyunçulara, onların hazırlığına baxıram. Avropa turnirlərində futbol tamam başqadır və futbolçular məhz belə oyunlarda böyüyürlər.
Çempionatda müəyyən çətinliklərimiz və çatışmazlıqlarımız ola bilər. Amma bu mərhələni keçməliyik. Ümumiyyətlə, həm insan, həm idmançı, həm də klub çətin dönəmlərdə böyüyür. Komandalar və klublar böyük uğurlardan sonra daha da inkişaf edir, möhkəmlənirlər. Ona görə də bu proses qaçılmazdır və biz buna hazır olmalıyıq.
Hazırda Konfrans Liqasının əsas mərhələsinə düşmək şansımız varsa, bundan imtina etmirik. Əksinə, bu məqsədə daha ciddi hazırlaşırıq və ona doğru irəliləyirik.
Zədələr və digər problemlər bizim üçün ilk dəfə deyil. İllər əvvəl də daha çətin, daha gərgin dönəmlərimiz olub. Narazılıqlar, söz-söhbətlər, uğursuzluqlar, kuboksuz mövsümlər yaşanıb. Amma bütün bunların fonunda biz addım-addım, pillə-pillə inkişaf etmişik. Şükürlər olsun Allaha.
Mən həmişə belə vəziyyətlərə gələcək üçün faydalı təcrübə kimi baxıram. İnanıram ki, bu dönəm də bizim gələcəyimiz üçün faydalı olacaq”.
dəqiqələr içində saytın olsun.