Kamal Cəfərov: Süni intellektdən istifadə zamanı məlumatların qorunması vacibdir
Süni intellektin dövlət idarəçiliyində və diplomatiyada tətbiqi yeni imkanlarla yanaşı, informasiya təhlükəsizliyi baxımından ciddi risklər də yaradır.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin deputatı, süni intellektin idarə edilməsi üzrə mütəxəssis Kamal Cəfərov kibertəhlükəsizlik üzrə II beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, süni intellekt xarici siyasətə üç əsas istiqamətdə təsir göstərir.
“Birincisi, süni intellekt diplomatik fəaliyyətin həyata keçirilməsində mühüm alətə çevrilir. Diplomatlar və nazirlər bu texnologiyadan müxtəlif dillərdə medianın monitorinqi, danışıqların xülasələşdirilməsi və çıxışların hazırlanması üçün istifadə edirlər. Bu, xüsusilə kiçik diplomatik nümayəndəliklər üçün əhəmiyyətli üstünlüklər yaradır”, – deyə deputat qeyd edib.
K.Cəfərov bildirib ki, ikinci istiqamət süni intellektin beynəlxalq diplomatiyanın və qlobal idarəetmənin müzakirə mövzusuna çevrilməsidir. Bu çərçivədə BMT səviyyəsində aparılan müzakirələr və Avropa Şurasının müvafiq konvensiyası xüsusi əhəmiyyət daşıyır.
Deputat üçüncü istiqamətin isə süni intellektin yaratdığı təhlükələrlə bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, “deepfake” texnologiyaları vasitəsilə saxta bəyanatların və sintetik zənglərin hazırlanması yeni təhlükəsizlik çağırışları yaradır.
“Süni intellekt alətlərindən etik və məsuliyyətli istifadə əsas prioritetlərdən biri olmalıdır. Bu sahədə 1000-dən çox dövlət qulluqçusuna təlim keçmişəm. Təcrübəm göstərir ki, ən mühüm məsələlərdən biri məlumatların qorunmasıdır”, – deyə K.Cəfərov bildirib.
O qeyd edib ki, bəzi hallarda dövlət qulluqçuları həssas, dövlət və ya peşə sirri təşkil edə biləcək məlumatları süni intellekt sistemlərinə daxil edirlər.
“Bəzi şəxslər süni intellektin etik istifadəsi ilə bağlı ayrıca qanunun olmamasını belə məlumatların sistemlərə yüklənməsinə imkan verən hal kimi qiymətləndirə bilərlər. Halbuki ölkəmizdə dövlət sirrinin, fərdi məlumatların və peşə sirrinin qorunmasını tənzimləyən müvafiq qanunvericilik mövcuddur”, – deyə deputat vurğulayıb.