“Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayıb
“Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlanıb.
Bu barədə Operativ Media-ya Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, müsabiqə ABŞ-nin “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində keçirilir. Müsabiqənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri elmi axtarışlara cəlb etmək, onların elmi və yaradıcılıq fəaliyyətini stimullaşdırmaq, elmi tədqiqat işlərinə meyilli istedadlı şagirdləri aşkar etməkdir. İştirakçılar 9 istiqamət - riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt üzrə layihələr təqdim edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər noyabrın 19-u saat 11:00-dan dekabrın 18-i saat 15:00-dək sorğuların idarə olunması platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Bu il müsabiqənin qeydiyyat formalarında dəyişiklik edilib. Buna görə iştirakçılar qeydiyyata başlamazdan əvvəl müsabiqənin qaydaları ilə tanış olmalı və yenilənmiş formalardan istifadə etməlidirlər. Qeydiyyat yalnız layihəni təqdim edən şagird, kollektiv layihələrdə isə lider şagird tərəfindən aparılmalıdır. Lider şagird digər iştirakçının, elmi rəhbərin və mütəxəssis-alimin (olduğu halda) məlumatlarını sistemə daxil etməli, tələb olunan formaları düzgün və tam dolduraraq yükləməlidir. Müraciət daxil edilmiş məlumat və sənədlər yoxlanıldıqdan sonra təsdiqlənməlidir.
Mümkün texniki çətinliklər və sənədlərin hazırlanmasına sərf olunan vaxt nəzərə alınaraq qeydiyyatın və müraciətin təsdiqinin son günə saxlanılmaması tövsiyə olunur. Müsabiqənin qaydaları, qeydiyyat formaları və əlavə məlumatlarla “Sabahın alimləri” və Təhsil İnstitutunun rəsmi internet səhifələrində tanış olmaq mümkündür.
Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən şagirdlər ABŞ-də keçiriləcək Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) iştirak etmək imkanı qazanacaqlar.
Əlavə suallar yaranarsa, +994 51 816 78 17 nömrəli “WhatsApp” xətti və sabahinalimleri@edu.gov.az elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.