Azərbaycanda kimlərə ömürlük həbs cəzası verilə bilməz? - SİYAHI
Azərbaycanda bəzi şəxslərə törətdikləri cinayətin ağırlığından asılı olmayaraq ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz.
Operativ Media xəbər verir ki, ömürlük azadlıqdan məhrum etmə qadınlara təyin edilmir.
Həmçinin cinayəti törədərkən 18 yaşı tamam olmayan şəxslər ömürlük həbs cəzasına məhkum edilə bilməz.
Bundan başqa, hökm çıxarılanadək 65 yaşına çatmış kişilərə də ömürlük azadlıqdan məhrum etmə cəzası verilmir.
Qanunvericilikdə ömürlük azadlıqdan məhrum etmənin tətbiqi yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda, eləcə də dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlər üçün nəzərdə tutulur.
Eyni zamanda, ömürlük həbs cəzası alan məhkum üçün də müəyyən hallarda cəzanın dəyişdirilməsi və ya vaxtından əvvəl azadlığa buraxılma imkanı mövcuddur.
Belə ki, məhkum ömürlük azadlıqdan məhrum etmə cəzasının ən azı 25 ilini faktiki çəkibsə və bu müddət ərzində qəsdən cinayət törətməyibsə, məhkəmə onun cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrək ömürlük həbs cəzasını müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə bilər.
Məhkəmə bu hallarda məhkumun vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə də qərar qəbul edə bilər.
Ömürlük azadlıqdan məhrum etmə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edildikdə isə həmin müddət 10 ilədək ola bilər.
dəqiqələr içində saytın olsun.