Paşinyan sülh sazişi imzalandıqdan sonra istefa verəcəyini açıqlayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiya edilməsindən sonra vəzifəsindən istefa verməyə hazır olduğunu açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Paşinyan parlamentdə hökumət saatı zamanı çıxışında bildirib.
Baş nazir qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və ratifikasiya olunması, eləcə də fundamental institusional sülhün təmin edilməsi onun missiyasının başa çatması demək olacaq.
“Mən sülh sazişinin imzalanması və ratifikasiya edilməsi, fundamental institusional sülhün təmin olunması ilə öz missiyamı yerinə yetirilmiş hesab edəcəyəm. Hər iki halda istefa verirəm”, – deyə Paşinyan bildirib.
O, həmçinin Ermənistan vətəndaşlarının referendumda ölkənin yeni Konstitusiyasının qəbul edilməsinin əleyhinə səs verəcəyi təqdirdə də vəzifəsindən gedəcəyini deyib. Baş nazir sonrakı siyasi proseslərlə bağlı qərarın ölkə vətəndaşlarına məxsus olacağını vurğulayıb.
Paşinyan yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiya edilməsi üçün təminatların mövcud olduğunu da bildirib.