Menyu

Elman Abdullayev: Süni intellekt beynəlxalq münasibətlərdə həlledici amilə çevrilir

Şəfa Hüseynli
Elman Abdullayev: Süni intellekt beynəlxalq münasibətlərdə həlledici amilə çevrilir
1 dəq oxu

Süni intellekt getdikcə beynəlxalq münasibətlərdə, iqtisadi rəqabətqabiliyyətlilikdə, milli təhlükəsizlikdə və qlobal idarəetmədə həlledici amilə çevrilir.

Operativ Media xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elman Abdullayev kiberdiplomatiya üzrə II beynəlxalq konfrans çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, süni intellekt iqtisadiyyatları, cəmiyyətləri və institutları sürətlə transformasiya edir. Bu texnologiyanın təsirləri isə yalnız texnoloji inkişafla məhdudlaşmır.

E.Abdullayev qeyd edib ki, süni intellektin sürətli inkişafı beynəlxalq münasibətlər və qlobal əməkdaşlıq baxımından bir sıra fundamental suallar ortaya çıxarır.

“Süni intellektin beynəlxalq münasibətlərdə sadəcə yeni diplomatik vasitəyə çevrildiyini, yoxsa beynəlxalq qarşılıqlı əlaqələrin mahiyyətini kökündən dəyişdirdiyini müəyyənləşdirmək vacibdir. Digər mühüm məsələ isə bu texnologiyanın beynəlxalq əməkdaşlığı gücləndirəcəyi, yaxud geosiyasi rəqabəti daha da kəskinləşdirəcəyi ilə bağlıdır”, – deyə o vurğulayıb.

Diplomatın sözlərinə görə, əsas məsələlərdən biri də süni intellekt sahəsində rəqabətin kiçik və orta ölçülü dövlətlərə təsiridir.

“Süni intellekt uğrunda rəqabət kiçik və orta ölçülü ölkələr üçün yeni imkanlar yaradacaq, yoxsa təsir gücünü bir neçə texnoloji fövqəldövlətin əlində cəmləşdirəcək? Hesab edirəm ki, artıq kiçik və orta ölçülü dövlətlərin də bu müzakirələrdə fəal iştirak etməsinin vaxtı çatıb”, – deyə E.Abdullayev bildirib.

O, həmçinin konfransın vaxtında təşkil olunduğunu və süni intellektin beynəlxalq təhlükəsizlik, diplomatiya və qlobal idarəetməyə təsirlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Əlaqəli Xəbərlər