Menyu

Rizvan Nəbiyev: Ermənistanın yeni Konstitusiya layihəsi sülh sazişinin imzalanması üçün mühüm addımdır

Operativ Media
Rizvan Nəbiyev: Ermənistanın yeni Konstitusiya layihəsi sülh sazişinin imzalanması üçün mühüm addımdır
2 dəq oxu

Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın yer almaması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və regionda dayanıqlı sülhün təmin olunması baxımından mühüm addımdır.

Operativ Media xəbər verir ki, bu barədə siyasi elmlər doktoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı Konstitusiyasının preambulasında istinad edilən 1990-cı il Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinə dair ərazi iddialarının yer alması sülhün hüquqi əsaslarının formalaşdırılmasına maneə yaradıb.

Rizvan Nəbiyev qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusion-hüquqi çərçivəsində Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının vacibliyini vurğulayıb. Yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın olmaması bu məsələnin həlli istiqamətində konkret addım kimi qiymətləndirilib.

O bildirib ki, layihədə sülhün xarici siyasətin prioriteti kimi müəyyənləşdirilməsi, mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin vurğulanması Ermənistanın siyasi-hüquqi yanaşmasında dəyişiklikdən xəbər verir.

Rizvan Nəbiyevin fikrincə, layihədə nəzərdə tutulan dəyişikliklər 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin prinsipləri ilə uzlaşır. Həmin görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişinin razılaşdırılmış mətnini paraflayıb, sənədin imzalanması və ratifikasiyası istiqamətində növbəti addımların atılması razılaşdırılıb.

O vurğulayıb ki, Konstitusiya layihəsinin açıqlanması onun hüquqi qüvvəyə minməsi demək deyil. Sənədin qəbul edilməsi üçün konstitusion prosedurlar tamamlanmalıdır. Bu proses başa çatarsa, paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyası qarşısındakı əsas maneələrdən biri aradan qalxa bilər.

Rizvan Nəbiyev hesab edir ki, sülh sazişinin qüvvəyə minməsi Azərbaycan-Ermənistan münasibətlərinin de-fakto sülhdən de-yure sülhə keçidini sürətləndirə, regionda təhlükəsizliyi gücləndirə, nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına və iqtisadi əməkdaşlığın genişlənməsinə şərait yarada bilər. Bu baxımdan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantı və TRIPP təşəbbüsünün reallaşdırılması da əhəmiyyətlidir.

O qeyd edib ki, Azərbaycanın 2020-ci ildəki Vətən müharibəsində Qələbəsi və 2023-cü ildə suverenliyini tam bərpa etməsi regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar Cənubi Qafqazda münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında qurulması üçün imkan açıb.

Rizvan Nəbiyevin sözlərinə görə, yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın olmamasının hüquqi təsbitini tapması sülh sazişinin imzalanmasına, ratifikasiyasına və iki ölkə arasında münasibətlərin tam normallaşmasına töhfə verə bilər.

Əlaqəli Xəbərlər