Bu il daşınmaz əmlak qiymətləri nə qədər artacaq?
“Hər il olduğu kimi 2024-cü ildə də Bakının mənzil bazarı əsas investisiya aləti olacaq. Hazırda stabillik hökm sürsə də, bir müddət sonra qiymətlər qalxa bilər”.
Bunu “Operativ Media” ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyib.
Ekspertin sözlərinə görə, Bakının Baş Planı tikinti sahəsinə məhdudiyyətlər gətirəcək. Bu isə qiymətlərin artmasına səbəb ola bilər:
“Artıq indidən sahibkarlar deyirlər ki, maya dəyəri çox baha başa gəlir. Baş Planda da qeyd edilib ki, çoxmərtəbəli binaların tikintisinə məhdudiyyətlər olacaq. Həmçinin yaşıllıq zonalarına daha çox diqqət yetirələcək. Bu o deməkdir ki, sahibkar hansısa binanı sökərkən onun yerində tikəcəyi binadan çox qazanmaq imkanı məhdudlaşacaq. Bu da qiymətin artmasına səbəb olacaq. Təxminən 1 kvadratmetr üçün 3000 min manata qədər artım gözlənilir”.
Nofəl Quliyevin sözlərinə görə, bazarda tələb çox olsa da, təklif hələ də məhdud saydadır. Həmçinin torpaq qiymətlərində də müəyyən artım gözlənilir:
“Şəhər mərkəzində torpaq sahəsi tapmaq mümkün deyil. Yaxın yerlər də orta qiymət 10-12 min manatdır. Şəhərdən kənarda isə 4 min manata təklif olunur. Torpaq qiymətləri 20-30%, mənzil qiymətləri isə 10-15% artacağı gözlənilir. Tikinti materiallarının bahalaşması da mənzil bazarında qiymətlərə təsir edə bilər”.