Son bir həftədə kirayə qiymətləri niyə artıb?
2024 cü ilin ilk günlərindən artıq kirayə mənzil bazarında bahalaşma başlayıb. Sosial şəbəkələrdə yazılan məlumatlara görə, evini kirayə verən bir çox insan qiymətləri qaldırıb.
Məsələ ilə bağlı “Operativ Media” ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev faktı təsdiqləyib.
Ekspertin sözlərinə görə, bu ildən tikinti sektoruna olan məhdudiyyətlər təklifi daha da azaldacaq. Qiymət bahalaşması isə ilin ilk günlərindən müşahidə edilir:
“Qiymət artımının bir neçə səbəbi var. Bakının Baş Planı bir çox məhdudiyyətlər gətirir. Ona görə də tikinti işləri əvvəlki kimi sürətli olmayacaq. Bakıda binalar var ki, vaxtilə sakinlərdən alınanda vədlər verilmişdi ki, 3 ilə təhvil veriləcək. Lakin, çoxmərtəbəli binaların inşası mərkəz hissələrdə dayanıb. Sahibkarlar gözlədi ki, bu qərar dəyişsin, o da dəyişmədi. Belə deyək ki, sahibkar inşaata başlayanda düşünürdü ki, 21 mərtəbəli bina olacaq, amma indi 7 mərtəbə tikməyə məcburdur. Bu isə binada olan mənzilləri həmin ərazidə sökülən evlərin sahiblərinə verildikdə çox az mənfəət deməkdir. İndi isə şərtlər daha sərtləşdirildiyindən deyək ki, 3 ilə bitirə bilirdisə işi, indi 5 ilə nəzərdə tutur. Bu 5 il ərzində də orada yaşayan insanların kirayəsin verməlidir. Avtomatik kirayə mənzillərə tələb artır”.
Ekspertin sözlərinə görə, tələbələrin yataqxana probleminin həll edilməməsi, mənzilin əsas investisiya aləti kimi seçilməsi də sözsüz ki, qiymətləri qaldırıb:
“Mənzillərin bahalaşması ilə kirayə haqları da artır. Ev 100 min manatlıqdırsa, kirayə qiyməti 500 manatdır, evin dəyəri 200 min manatdırsa, avtomatik kirayə qiyməti 1000 manatdan başlayır. Əvvəl evlər alınırdı 60 000-70 000 manata, kirayə verilirdi 350-400 manata. İndi isə qiymətlər qalxıb. Tələbə kontingenti kirayə bazarının əsas paylarındandır. İnvestisiya kimi mənzil alan isə düşünür ki, qiyməti çox təyin edim, qoyduğum pulu tez çıxarım. Ona görə də, bu il qiymətlər daha sürətli artacaq. Bu günə olan qiymətlər paytaxtın mərkəzə yaxın hissələrində yeni tikililərdə 1 otaqlı evlərin kirayə qiyməti 450-600, 2 otaqlılar 500-800, 3 otaqlı isə 800-2500 manat arasında dəyişir. Köhnə tikililərdə isə 1 otaqlı mənzil 300-600, 2 otaqlı 400-700, 3 otaqlılar 700-1000 manat aralığındadır”.
Ekspertin fikrincə şəhərin mərkəzi hissələrində kirayə evlərin qiymətinin daha çox artacağı gözlənilir.