Rəqabət məcəlləsi qiymətləri ucuzlaşdıracaqmı?

Redaksiya
Rəqabət məcəlləsi qiymətləri ucuzlaşdıracaqmı?

Azərbaycanda illərdir müzakirə edilən rəqabət məcəlləsi bu gün təsdiqləndi.

Bəs bu qanun nəyi dəyişəcək?

İqtisadçı ekspert İlkin Budaqov deyir ki, bu məcəllənin qəbulu ilə bazarlara ciddi nəzarət olunacaq. Qanun sahibkarların üzləşdiyi süni əngəlləri də aradan qaldırmaqla yanaşı, tətbiqinə nəzarət olsa, monopoliyanı da aradan götürəcək:

“Qiymət artımının qarşısının alınması üçün ən ciddi məsələlərdən biri bazarda açıq rəqabətin təmin edilməsidir. Yeni qanun süni qiymət artımının qarışısını almaqla yanaşı, bu sahədə rəqabəti də tənzimləyəcək. Bazarda azad rəqabətin, bərabər səviyyənin saxlanılması üçün bu məcəllənin qəbul edilməsi mütləq idi. Azərbaycanın daxili bazarında monopoliyalar var, inhisarçılıq halları var. Bütün bunlar azad rəqabətin fəaliyyətinə çox ciddi təsir göstərir. Ona görə də sahibkarlar bazarda bərabər səviyyədə çalışa bilmirlər. Hətta malın idxalında və ixracında ciddi problemlər olur”.

Ekspertin fikrincə, məcəllənin üstünlüyü ondadır ki, burada konkret şirkətlər üçün bazar payları dəqiqləşdirilib. Rəqabət məcəlləsinə əsasən, hökmran mövqe 50 % müəyyən edilib. Lakin bu faiz digər ölkələrlə müqayisədə yüksəkdir.

“Azərbaycan bazarında sahibkarın hökmran mövqeyi üçün tətbiq edilən faizin Avropa İttifaqındakı faizə uyğunlaşdırılmasına və müddətli reqressiv yanaşmanın nəzərə alınmasına ehtiyac var. Yeni rəqabət məcəlləsində sahibkar bazarda 50% paya sahib olursa, bu, hökmran mövqe hesab edilir. Bu, kifayət qədər böyük rəqəmdir. Avropa İttifaqında bu göstərici 40 faizdir. Bu gün inkişaf etmiş ölkələrdə sahibkar 30 faiz bazar payına sahibdirsə və uzun müddət bu mövqedə qalırsa, bu da hökmran mövqeyə sahib olmaq deməkdir. Elə buna görə də, bəzi sahibkarlar xüsusi ilə bayramlar ərəfəsində vəziyyətdən sui istifadə edərək qiymətləri kəskin qaldırır. Buna nəzarət edilsə, məcəllə özünü doğruldacaq. Bu isə qiymətlərin ucuzlaşmasına da səbəb ola bilər”.

Digər xəbərlər