"Obyektlərinin icarə qiymətləri bahalaşıb" - Ekspert
“Obyektlərin icarə haqqı son bir ildə 20% artıb”.
Bunu “Operativ Media”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyib.
Ekspertin sözlərinə görə, qiymət artımı xüsusilə mərkəz ərazilərdə müşahidə edilir:
“Mərkəz hissələrdə bir kvadrat metrin icarə haqqı 150-200 manat olan obyektlər var. 100 kvadrat metrlik obyektin kirayəsi təxminən 15-20 min manatdır. Keçən illə müqayisədə qiymətlər 15-20 faiz artıb. Biznes mərkəzlərində verilən kirayə ofislərin bir kavdratmetri 15-40 manat arasıdır. Metrostansiyaların yaxınlığı ümumiyyətlə tələbat olan yerdi deyə, boş qalmır. Ən bahalı ərazilər Səbail, Nəsimi, Yasamal rayonlarıdır”.
Nofəl Quliyev deyir ki, qiymətlər tələb-təklif əsasında formalaşır. Qiymətlərin enməsi gözlənilmir:
“Obyektlərin satış qiyməti yüksəkdir. Obyektlər evlərdən fərqli olaraq satışı da yuxarı həddə olur. İllər əvvəl obyekt alan insanlar var ki, bu gün milyon manatdan aşağı satmır. Çünki bilir ki, stabil gəliri var. Heç bir xərc çəkmədən illərlə qazana bilər. Xüsusilə kafe və restoran kimi obyektlərin satışı çox artıb. Yeni tikili binalarda isə MTK rəhbərləri satmağa maraqlı deyilər. Əksər hallarda binaların altında olan obyektləri özləri üçün saxlayırlar. Yaşayış olduqdan sonra isə icarəyə verir və ya mağaza açırlar”.