Bölgələrdə yoxsulluğu necə azaltmaq olar? - "Kənd camaatı arasında tənbəlləşmə gedir"
Azərbaycanda yoxsulluq səviyyəsi 5,2 faizə düşüb. 2022-ci ildə yoxsulluq səviyyəsi 5,5 faiz idi. Ötən il yoxsulluq səviyyəsində 0,3 faiz bəndi azalma qeydə alınıb.
Ötən il Azərbaycanda yoxsulluq həddi isə 247 manat təşkil edib. Bu məbləğ 2022-ci ildə qeydə alınan məbləğdən 17 manat çoxdur.
Statistikaya əsasən, kənd yerlərində yoxsulluq səviyyəsi şəhər yerlərinə nisbətən yüksəkdir. Kənd yerlərində əhalinin 6,8 faizi, şəhər yerlərində 3,9 faizi yoxsuldur.
Məsələ ilə bağlı "Operativ Media”ya danışan iqtisadçı Emin Qəribli bildirib ki, yoxsulluq səviyyəsi birbaşa iqtisadi inkişafdan asılıdır:
“Yoxsulluq həddini keçmək üçün gəlir 247 manatdan çox olmalıdır. Kəndlərdə yoxsulluq 6.8, şəhərdə isə 3.9 faiz təşkil edir. Yəni kənd və şəhər arasında o qədər də böyük bir fərq yoxdur. Yoxsulluq qadınlar arasında 4.8, kişilər 5.3 faiz təşkil edir. Bu o demək deyil ki, kişilər üzərində xüsusi işlər aparılmalıdır. Bu normal haldır. Xüsusi ilə də inkişafda olan ölkələrə diqqət yetirsək, sənaye sahəsində işləyən insanların daha çox maaş aldığını görə bilərik. İnkişaf etmiş bütün ölkələrdə kənd təsərrüfatı sahəsində çalışan şəxslərin gəliri daha aşağı olur. Bunu əminliklə demək olar. Maddi baxımdan daha yüksək gəliri olan insanlar şəhərlərdə yaşayır.
Azərbaycanda yoxsulluq faizi region ölkələrinə nisbətən çox aşağıdır. Yoxsulluq səviyyəsini təkcə Dövlət Statistika Komitəsi deyil, eyni zamanda beynəlxalq təşkilatlar da araşdırır. Yoxsulluq səviyyəsi birbaşa iqtisadi inkişafdan asılıdır. İqtisadi inkişaf artdıqca, yoxsulluq səviyyəsidə aşağı düşür. Regionlarımızın inkişafı üçün xüsusi dövlət proqramı qəbul olunub. Qarabağ bölgəsində azad iqtisadi zonalar yaradılıb. Bu, yoxsulluq səviyyəsinə öz təsirini göstərəcək”.
İqtisadçı insanların kənd təsərrüfatı sahələrində çalışmaq istəmədiyini bildirib:
“Dövlət tərəfindən lazımi təzminatlar ödənilir. Həmin məbləğ hər il artırılır. Bu gün məşğulluq idarələri vətəndaşlar arasında maarifləndirmə işləri aparır. Bütün bunlar sosial rifahın artırılmasına xidmət edir. Dövlət üzərinə düşən bütün öhtəlikləri yerinə yetirir
Yayda rayonlara getdiyimiz zaman, bəzi bölgələrin daha aktiv olduğuna şahid oluruq. Bildiyimiz kimi bütün torpaq sahələri bölüşdürülüb. Kənd sakini bəzən torpaq sahəsi olduğu halda, gedib başqa işlə məşğul olur. Bu da normal haldır. Bakıya gəlib, daha çox gəlir əldə etmək istəyirlər. Artıq insanlar kənd təsərrüfatı sahələrində çalışmaq istəmir. İnsanlar böyük şəhərlərdə yaşayıb, orada fəaliyyət göstərmək istəyirlər. Bu isə artıq onların seçimidir”.
Mövzu ilə bağlı danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, kənd camaatı arasında tənbəlləşmə gedir:
“Kənd yerlərində yoxsulluq səviyyəsinin yuxarı olmasının bir neçə səbəbi var. Kənd yerlərində yaşayan vətəndaşlarımızda müəyyən dəyişikliklər – tənbəlləşmə baş verib. Biz kəndlərdə vacib iqtisadi mexanizimləri düzgün qurmamışıq. Bir neçə il əvvəl rayonda kənd yumurtası yemək istədim, mənə dedilər ki “kənddə toyuq saxlayan var?...”. Mən çox təəccübləndim. Bölgələrimizdə yaşayan vətəndaş 20-30 il əvvəlki kənd camaatı deyil”.
Sosioloq, bu sahədə qanunvericilik bazasının yaranmalı olduğunu vurğulayıb:
“Kənd ərazilərində yoxsulluğu aradan qaldırmaq üçün ən böyük iş, bizim iqtisadiyyat üzrə işləyən məmurlarımızın və iqtisadçılarımızın üzərinə düşür. Rayonlarımızda o qədər böyük potensial var. Amma biz o potensialdan düzgün şəkildə istifadə edə bilmirik. Xeyli münbit torpaqlarımız və işçi qüvvəmiz var. Kənd yerlərində yaxşı iqtisadi mexanizmlər qurmaq lazımdır. Bu heç də çətin məsələ deyil.
Bölgələrdə satılan məhsulun qiyməti Bakıya nisbətən dəfələrlə ucuz olur. Deməli işlər düzgün təşkil olunmur. Əgər vətəndaşa əminlik verilsə ki, bu məhsul alınacaq. Kənddə yaşayan əhali də daha həvəslə işləyər. Biz bu prosesi lazımi şəkildə həyata keçirmirik. Bu sahədə qanunvericilik bazası yaranmalıdır. Kənd yerlərində ərazisdində yaşayan əhalini işləməyə həvəsləndirmək lazımdır”.
Gülcahan Məmmədova

