"Tağıyev obrazını canlandırmaq üçün 12 kiloqram kökəlməli oldum" - Pərviz Məmmədrzayev ilə MÜSAHİBƏ

Fərrux Qocamanlı
Baxış: 6844
"Tağıyev obrazını canlandırmaq üçün 12 kiloqram kökəlməli oldum" - Pərviz Məmmədrzayev ilə MÜSAHİBƏ
Pərviz Məmmədrzayev: "Çox sevinirəm ki, bu qədər insanın, bütöv bir komandanın çəkdiyi əziyyət hədər getmədi. İnsanlar filmi sevdilər".

“Tağıyev” filminin baş rol aktyoru, xalq artisti Pərviz Məmmədrzayev kimdir?

Pərviz Məmmədrzayev 13 fevral 1971-ci ildə Bakıda anadan olub. 1977-1987-ci illərdə 252 nömrəli orta məktəbdə oxuyub. 1989-1994-cü illərdə Mədəniyyət və İncəsənət Universitetinin “Teatr kollektivinin rejissoru” şöbəsində rejissorluq ixtisası üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1993-cü ildə o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yardımçı heyətin aktyoru kimi fəaliyyətə başlayıb.
 Pərviz Məmmədrzayev 1994-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı nəzdindəki “Dəli yığıncağı” teatr-studiyasında fəaliyyətə başlayıb və 2017-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Eyni zamanda, müxtəlif teatrlar və müstəqil teatr layihələrinin, o cümlədən "Simsar" və "Human" teatrlarının yaradıcısıdır.

O, 2001-2022-ci illərdə ADMİU-da “Xoreoqrafiya sənəti və səhnə plastikası” kafedrasında səhnə hərəkəti, səhnə döyüşü, qılınc təlimi, balet rejissurası, plastika və pantomima fənnləri üzrə, "Musiqili teatr aktyoru" kafedrasında isə aktyor sənətindən dərs deyib.

Aktyor 16 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2018-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.

"Operativ Media" milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan çoxseriyalı “Tağıyev” filminin baş rol aktyoru, xalq artisti Pərviz Məmmədrzayev ilə müsahibəni təqdim edir:

- Tağıyev barədə filmdə baş rol təklifi alanda nə hisslər yaşadınız?
 
- Ümumiyyətlə, istənilən gözəl ssenari əsasında, güclü fikirləri, yüksək zövqü olan bir rejissorun çəkəcəyi filmdə ətraflı həyat hekayəsi olan bir rol almaq istənilən aktyor üçün qürurverici bir haldır. Tağıyev kimi fenomen bir şəxsiyyətin haqqında çəkiləcək film isə bir neçə qat qürurvericidir. Bu həm də aktyora bir növ indiyə kimi yığdıqlarını göstərə bilmək üçün verilmiş bir şansdır.

- Tağıyev kimi tarixi şəxsiyyəti canlandırmaq sizin üçün necə təsir bağışladı? 

- Düşünürəm ki, hər bir insanın yeniyetmə yaşlarından yetkinlik yaşına kimi həyatda bənzəmək istədiyi bir və ya bir neçə insan var. Məndə də belə olub. Həyatımda özüm üçün mayak saydığım bir neçə şəxsiyyət olub ki, onların adlarını çəkmək bəlkə kimlər üçünsə qəribə görünə bilər. Amma deyim ki, həmin insanlardan biri də Tağıyev olub. Uşaq yaşlarımdan, dəqiq yadımda deyil, təxminən 12-13 yaşlarımdan Tağıyev şəxsiyyətinə böyük maraq yaranıb. Bakının inqilabdan əvvəlki dövrü haqqında oxuduğum kitabların bir çoxundan onun şəxsiyyəti barədə düşüncəmdə tədricən xırda-xırda müəyyən təsəvvürlər toplanırdı. Təsəvvür edin bu nəyə bənzəyir. Elə bil ki, insanın bir çox hissələrə parçalanmış bir portretini yaddaşda təzədən bərpa edirsən. Hissələri rənginə, xətlərin ardıcıllığına görə bir-birinin yanına yığırsan. Uşaqlığımdan oxuduğum kitablarda da onun haqqında təsəvvürümdə eyni proses gedib. Oxuduğum kitablardan bilirəm ki, bu insan təzadlı şəxsiyyət olub. Təsəvvür edin ki, yazarların Tağıyevə, digər xeyriyyəçi milyonçulara olan məhəbbəti sovet dövründə milyonçuları xalqın düşmənləri kimi təqdim edən sovet təbliğatının məhdudyyətləri içindən necəsə sızıb insanlara çatdırılırdı. Azərbaycanlıların, xüsusən də Bakı camaatının Tağıyevə ayrı cür məhəbbəti var. Və hər birinin düşüncəsində özünəməxsus bir Hacı Zeynalabdin Tağıyev var. Ona görə çox böyük məsuliyyət var idi. Hər hərəkəti, sözü, baxışı və s. düşüncədə az qala zərgər tərəzisində çəkməli olursan.



- Filmin təqdimatından sonra necə reaksiyalar aldınız?

- Sözün düzü çox ehtiyat edirdim. Bayaq qeyd etdiyim kimi, hər kəsin düşüncəsində özünəməxsus bir Hacı Zeynalabdin Tağıyev var. Filmin təqdimatında da dəhşətli dərəcədə gərgin idim. Amma reaksiyalar çox gözəl oldu. Hələ indiyə kimi tamaşaçılar sosial şəbəkələrdə yazıb münasibətlərini və 2-ci bölümü səbirsizliklə gözlədiklərini bildirirlər. Çox sevinirəm ki, bu qədər insanın, bütöv bir komandanın çəkdiyi əziyyət hədər getmədi. İnsanlar filmi sevdilər.

- Filmin çəkilişi zamanı o dövrün ruhunu hiss etdirmək üçün hansı üsullardan istifadə olunub?

- Özünüz də bilirsiniz ki, tarixi film çəkmək müasir dövrü əks etdirməkdən ağlagəlməz dərəcədə, qat-qat çətindir. Filmdən əvvəl o dövrü əhatə edən xeyli sənədli video, foto, həmin dövrdə çap olunan qəzet materialları öyrənilib. Rejissor, ssenari müəllifi, film, kostyum rəssamlarından başlayaraq texniki heyətin az qala hər biri, eləcə də aktyorlar bu materiallarla maraqlanıblar. Hətta o dövrün danışıq dilini dəqiqləşdirmək üçün mütəxəssisimiz də vardı. O, bizə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Azərbaycanda danışıq dilini öyrədirdi. Yəni bu işə hamı tərəfindən kifayət qədər ciddi münasibət bəslənirdi.

- Tağıyev obrazını canlandırmaq üçün neçə müddət bu rolun üzərində çalışmısınız?

Bayaq dediyim kimi, film çəkilişinə hazırlıq dövrü başlayan gündən son çəkiliş gününə qədər hazırlığımız olub. Filmin rejissoru Zaur bəydən (Zaur Qasımlı) Tağıyevin şəxsi ilə bağlı 2 kitab alıb, oxudum. O kitablardan əlavə, Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Fərhad Cabbarov mənə 2 kitab bağışladı. Yeri gəlmişkən muzeyə getdiyim günlərin hər dəfəsində şəxsən mənə Tağıyevin ev-muzeyində, o evin hər bir otağından, otaqların mebellərindən, qayda-qanunlarından tutmuş, gündəlik məişət həyatına qədər dolğun məlumat verdiyinə görə Fərhad bəyə dərin minnətdarlığımı bildirirəm. Bundan əlavə, sosial şəbəkələrdə Tağıyevin haqqında geniş məlumat topladım. Təsadüf nəticəsində sosial şəbəkədə onun nəticələrinin, kötükcələrinin və digər milyonçuların nəslinin nümayəndələrinin bir səhifəsini tapdım. Onların paylaşımları ilə tanış oldum. Üstəlik çəkilişə qədər, hətta deyərdim ki, son çəkiliş gününə qədər rejissorla Tağıyevin psixofiziki portreti barədə, demək olar ki, hər gün söhbətlərimiz olurdu. Zaur bəy həm də çoxumuza məlum olmayan arxiv materialları toplamışdı ki, o da çox köməyimizə gəldi. Bir sözlə obrazın dolğun alınması üçün əlimizdən gələni etdik.




- Bu obrazı canlandırmağın əsas çətinlikləri nələr oldu?

 

- Çətinlik təbii ki, oldu. İlk növbədə zahiri görkəmin dəyişikliyində. Ondan başlayım ki, rejissorun tələbi ilə bir neçə kilo kökəlməli idim. 12 kilo kökəldim. Hər gün 2 saata yaxın qrimdə otururdum. Obraza uyğun görünməsi üçün qrim ustamız qulaqlarımın arxasına və burnumun üstünə, adi gözlə görünməyən silikonla əlavələr yapışdırırdı. Yanaqlarımın yumru görünməsi üçün ilkin hazırlıq dövründə diş protezi düzəldilmişdi. İki aydan çox o protezlə gəzdim. Ancaq yemək yeyəndə onu çıxarırdım. Amma gedişatda gördük ki, nə qədər zərif hazırlansa da, səsimə və tələffüzümə çətinlik yaradır. Ondan imtina edib yanaqlarımın altına pambıq qoyub nəticəni aldıq. Və təsəvvür edin ki, hər epizodda ağıza pambıq qoyulmalıdır. Üstəlik bu vəziyyətdə danışmaq da lazım idi. Özümün kökəlməyimdən başqa paltarın altından əlavə "qarınlıq" da geyinirdim. Hər yaş dövrünün öz "qarınlığı" vardı. Bakının adamı əridən istisində hamı köynəkdə gəzəndə mən "qarınlıq"la, qalın pencək, jilet, köynəklə gəzirdim. Tağıyevin 4 yaş dövrünü canlandırmalı olduğum üçün çox vaxt cədvəl elə qurulurdu ki, bir gündə 2-3 yaş dövrünə aid epizodlar çəkilməli olurdu. Hər yaşın öz qrimi, öz plastik davranış və danışıq keyfiyyətləri vardı ki, burada da diqqət lazım idi. Bunların hamısı bir-birinin üstünə gələndə böyük psixoloji gərginlik yaranırdı. Və təsəvvür edin ki, bu proses 8 ay sürdü.




- Bu filimi müasir Azərbaycan kinosu üçün dönüş nöqtəsi hesab etmək olarmı?

Düşünürəm ki, mənim filmi tərifləyib göylərə qaldırmağım düzgün çıxmaz. Bircə onu deyə bilərəm ki, biz bir komanda olaraq vicdanla işləyib ortaya böyük zəhmətin nəticəsi olan iş qoymuşuq. Amma çox arzu edirəm ki, müasir milli kinomuzun dəyərli inciləri çox olsun. Biz də dünya səviyyəsinə çıxan filmlərimizlə fəxr edib ağız dolusu danışa bilək.

- Sizcə filmin bu qədər uğurlu olmasının səbəbi nədir? Yaxşı qonorar, ya yaxşı heyət?

- Qonorarın yüksək olması vacib şərtdir. Dünyada artıq belədir. Qonorar rejissorun, aktyorun və digərlərinin işinə verilən qiymətdir. Çəkiləcək işə yaxşıların yaxşısını cəlb etmək üçün onun sənətinə, zəhmətinə verilən maddi dəyərdir. Amma təkcə qonorarla iş həll olunsaydı, nə var idi ki? Film çəkmək təkcə kameranı aktyorun üzünə tuşlayıb düyməni basmaq deyil. Bu böyük bir mexanizmdir və bu mexanizm saat kimi işləməlidir. Orada güzəşt olmamalıdır. Əgər düşünürsünüzsə ki, bu filmdə çəkilən aktyorlarımız filmdən sonra artıq öz həyatını yüksək şəkildə təmin edib, səhv düşünürsünüz. Azərbaycanda yüksək qonorar deyilən bir anlam hələ ki, yoxdur. Həm də təkcə yüksək qonorarla bu iş həll olunmur. Bəli, qonorar vacib şərtdir. Amma ilk növbədə ssenarist nə yazdığını, rejissor nəyi və necə çəkəcəyini, öz ideyasını hansı aktyorlara həvalə edəcəyini, yəni düzgün aktyor seçimini, seçilən aktyorlardan, prodüsserlərdən, rəssamdan, operatordan, montajdan, eləcə də digər texniki heyətdən nə istədiyini dəqiq biləndə, aktyorlar və çəkiliş qrupunun hər bir üzvü  rejissorla həmfikir olanda onda dəyərli iş ortaya çıxa bilər. Bizdə məhz belə idi. Bütün heyət bir nəfərin, rejissorun iradəsinə tabe olub bir nəbz kimi vururdu. Nəticə isə göz qabağındadır.

- Sizcə digər seriyalara da ilk seriyada olduğu kimi böyük maraq olacaqmı?

- Mən inanıram ki, digər bölümlər də böyük maraqla qarşılanacaq. Çəkilən zəhmət heç vaxt hədər getmir. Amma yenə də, zövqlər müxtəlifdir. Hər şeyi gələcək göstərəcək. Bu qədər deyə bilərəm.

- Çox sağ olun, təşəkkür edirəm.

- Sağ olun.



Qeyd edək ki, ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.

Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.

Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıblar.


Nərmin Qocamanlı


➡️Digər müsahibələri oxumaq üçün keçid edin ⬅️

Digər xəbərlər