Menyu

Vəhşi təbiətin sirləri: Saleh Baxşıyevin ekstremal macəraları - MÜSAHİBƏ

Nərmin Qocamanlı
Vəhşi təbiətin sirləri: Saleh Baxşıyevin ekstremal macəraları - MÜSAHİBƏ

Təbiət özündə su, hava, flora, fauna və enerjini birləşdirən bir məkandır. Ana təbiət adlandırdığımız bu məkan bəzən bizi canlılar aləmi ilə qorxutsa da bəzilərimiz bu məkandan həzz alıb, onun bir parçasıymış kimi yaşamağı seçir. Belə şəxslərdən biri də vəhşi təbiət fotoqrafı kimi tanınan Saleh Baxşıyevdir.

Saleh Baxşiyev Operativ Media-ya özü və qeyri-adi peşəsi ilə bağlı müsahibə verib.

- Saleh bəy ilk olaraq özünüz haqqında nə deyə bilərsiniz?

- Mən Saleh Baxşiyev. Keçmişdə hərbçi olmuşam. 8 ilə yaxındır ki, ekstremal şəraitdə sağ qalmaq və vəhşi təbiət fotoqrafiyası ilə məşğulam. Sağ qalmaq bacarıqlarını məktəblilərə və böyüklərə təlim şəklində öyrədirəm.

“Wild Game Azerbaijan” adlı sağ qalmaq layihəsinin yaradıcısıyam və ilk versiyasını artıq həyata keçirmişəm. Ekstremal şəraitdə sağ qalmaq kampları və ekspedisiyalar təşkil edirəm.


- Təbiətə olan sevginiz nece yarandı? Neçə müddətdir ki, vəhşi təbiətə marağınız var?

- Təbiətə sevgim uşaqlıqdan başlayıb. Uşaqlıqda dağlarda, meşələrdə çox vaxt keçirirdim. Məktəb illərində coğrafiyaya xüsusi marağım yarandı və xəritələri öyrənməyi, müxtəlif yerlər haqqında məlumat toplamağı sevirdim. Sonralar hərbçi kimi təbiətlə daha yaxın oldum və sağ qalma bacarıqlarımı inkişaf etdirdim. Vəhşi təbiətə marağım təkcə sağ qalma ilə bitmir. Heyvanları izləməyi, onların davranışlarını öyrənməyi və təbiətin daim dəyişən gözəlliyini görməyi sevirəm. Artıq 8 ildən çoxdur ki, bu sahədə videolar çəkir, təbiət və vəhşi həyat haqqında məlumatları insanlarla bölüşürəm. Məqsədim insanları təbiəti sevməyə, ona daha yaxın olmağa və qorumağa ruhlandırmaqdır.

- Heyvanlarla yaxınlıq sizi qorxutmur? 

- Uşaqlıqda heyvanlara marağım böyük idi amma bəzən qorxu da olurdu. Xüsusilə ilanlar və yırtıcı heyvanlar haqqında eşitdiyim hekayələr məndə qorxu yaradırdı. Amma zamanla anladım ki, qorxu əsasən bilməməkdən qaynaqlanır. Heyvanlarla yaxından təmasda olduqca, onların davranışlarını öyrəndikcə qorxu yerini marağa və heyranlığa verdi. Sevgi təkbaşına kifayət etmirdi çünki vəhşi təbiətdə qaydaları bilmək, heyvanların dilini anlamaq lazımdır. Müşahidə bilik və təcrübə qorxunu dəf etməyə kömək etdi. 

- Zəhərli və yırtıcı heyvanlardan qorunmağı necə bacarırsız?

- Zəhərli və yırtıcı heyvanların davranışlarını başa düşmək və düzgün yanaşmaq lazımdır. Təcrübə və müşahidə ilə hər bir heyvanın öz ərazilərini, hüdudlarını və instinktlərini necə qoruduğunu anlamağa başladım. Özümə aşıladığım əsas şeylərdən biri insanın həm güclü, həm də zəif tərəfləri olduğu və təbiətdə hər zaman ehtiyatlı olmağın vacibliyidir. İnsan bədənən zəif ola bilər, amma ağıllı düşünmə, strateji yanaşma və təcrübə ilə hər bir vəziyyəti idarə etmək mümkündür. Təbiətdə vəhşi heyvanlarla qarşılaşanda mənim üstünlüyüm bu dərəcədə hazırlıq, diqqət və düzgün reaksiyadır. Həm də təbiətə hörmətlə yanaşmaq, hər bir canlının təbii instinktlərini anlamaq vacibdir. Həm güclü, həm də zəif olduğumuzu qəbul edərək özümüzü təbiətlə balansda hiss etməyin vacibliyini dərk edirəm.

-  Bəs bu günə qədər hanısa heyvan sizə xəsarət yetiribmi? 

- Düzdür heç bir zaman hər hansı bir heyvana zərər verməmək lazımdır çünki onlar sadəcə özlərini müdafiə edirlər. Ancaq insanın düzgün yanaşması və hərəkət etməsi də bu cür hadisələrin qarşısını almağa kömək edir. Təbiətdə diqqətli və ehtiyatlı olmaq, təhlükə ilə qarşılaşdıqda soyuqqanlı yanaşmaq çox vacibdir. Canavarlar, ayılar, zəhərli ilanlar və s. ilə qarşılaşmışam amma heç bir zaman mənə zərər verməyiblər. Hər zaman daha diqqətli olmuşam, çünki heyvanlar hər şeyi hiss edir. Onların instinktləri çox güclüdür və hansı vəziyyətdə olduqlarını dərhal anlayırlar.

- Heyvanlarla anlaşmağın xüsusi dili varmi?


- Bəli, heyvanlarla anlaşmanın xüsusi bir dili var. Bu onların davranışlarını, bədən dilini və instinktlərini başa düşməkdən ibarətdir. Hər heyvanın özünün qorunma sahəsi və əraziləri var. Onların mövqeyini və reaksiyalarını düzgün oxumaq vacibdir. Əgər biz onların şəxsi ərazilərinə hörmət edirik, onları təhdid etmədən yaxınlaşırıqsa, çox vaxt bizi qorxmadan yaxın buraxa bilərlər. Məhz bu diqqət və hörmət heyvanların bizə olan münasibətini dəyişdirə bilər. Mən də yaxınlaşdığım bütün canlılardan bunu hiss edirəm. Heyvanlar təhlükə hiss etdikdə tez-tez müdafiə olurlar amma əgər biz düzgün və sakit davranırıqsa onlar özlərini daha rahat hiss edir və yaxınlaşmağa meylli olurlar. Bu cür yanaşma ilə heyvanlarla daha yaxın əlaqə qurmaq mümkündür.

- Vəhşi və zəhərli bildiyimiz bu heyvanlar əslində bəlkə də uzaqdan göründüyü kimi deyillər. Bu haqda siz nə düşünürsünüz?

- Tamamilə razıyam! Vəhşi və zəhərli heyvanlar çox zaman bizə qorxulu və təhlükəli görünə bilər amma onlar əslində sadəcə təbiətin bir hissəsidir və özlərini müdafiə etməyə çalışırlar. Uzaqdan qorxulu görünən heyvanların çoxu yaxınlaşdıqda onlarla düzgün və hörmətlə yanaşsaq bizə heç bir zərər verməzlər. Onlar sadəcə öz ərazilərini qorumağa çalışır və instinktləri ilə hərəkət edirlər.  Bu həqiqəti insanlara izah etmək çox önəmlidir. Təbiətə və heyvanlara hörmətlə yanaşaraq biz həm özümüzü, həm də onları qorumağa kömək edə bilərik. Biz insanlar olaraq daha çox anlayışlı olmalıyıq çünki heyvanlar sadəcə öz həyatlarını yaşamağa çalışırlar. Mən də bu mesajı insanlara çatdırmağa çalışıram çünki bu yanaşma yalnız təbiəti deyil, həm də bizim özümüzü qorumağa kömək edir.

- Sizə ən təhlükəli gələn heyvanlar hansılar olub?

- Səfərlərim zamanı ən təhlükəli gələn heyvanlar xüsusən dağlıq ərazilərdə rastlaşdığım canavarlar, ayılar və zəhərli ilanlar olub. Qafqaz dağlarında, Zaqatala və Balakən bölgələrində çox vaxt yırtıcı heyvanlarla qarşılaşmışam. Lakin ən çox ehtiyatla yanaşdığım, təbiətin sərt olduğu yerlər məhz yüksək dağlıq ərazilər və sıx meşələr olub. Bu bölgələrdə həm heyvanlar, həm də əlverişsiz hava şəraiti ilə rastlaşmaq mümkündür. Aran zonasında isə zəhərli ilanlar daha çox təhlükə yaradır. 

- Azərbaycanın hansı bölgələrində təhlükəli heyvanlar daha çoxdur? 

- Azərbaycanın müxtəlif rayonlarında təhlükəli heyvanların sayına görə bir neçə bölgə daha riskli ola bilər. Məsələn Hirkan Milli Parkı, Zəngəzur Milli Parkı, Şahdağ Milli Parkı, Şirvan Milli Parkı, Qızılağac Milli Parkı və Zaqatala Dövlət Təbiət Qoruğu kimi ərazilər həm vəhşi heyvanlar, həm də zəhərli sürünənlər baxımından daha çox təhlükə yarada bilər. Bu ərazilərdə ayılar, canavarlar, yırtıcı quşlar və zəhərli ilanlar daha çox mövcuddur. Hirkan və Zəngəzur Milli Parklarında həmçinin bəbir, ayı və canavar kimi böyük yırtıcı heyvanlar var.

- Bu vaxta qədər ən təhlükəli hansı situasiya ilə üz-üzə qalmısız?

- 30 metrlik məsafədə ayı və balaları ilə qarşılaşdım. Bu an çox həyəcanlı və gərgin idi çünki ayılar balalarını qorumağa çox həssasdırlar. Lakin soyuqqanlı qalaraq onlara yaxınlaşmadım və sakit bir şəkildə gözlədim. Onların davranışlarını izləyərək təhlükəsizlik üçün heç bir təhdid yaratmadım. Hətta bu anı yadda saxlamaq üçün fotosunu və videosunu çəkdim. 

 

-İnsanların təhlükəli olduğunu düşündüyü əslində isə təhlükəli olmayan heyvanlara hansıları misal göstərə bilərsiniz?

- İnsanların təhlükəli bildiyi amma əslində təhlikəsiz olan heyvanlar çoxdur. Məsələn ilanların əksəriyyəti insanlar üçün təhlükəli deyil. Su ilanları, təlxələr, qızıl ilanlar və kərtənkələ növləri adətən insanlara zərər vermir və sadəcə özlərini qorumağa çalışırlar və zəhərsizdirlər. Koramalı zəhərli hesab edənlər var əslində o tamamilə zərərsiz bir kərtənkələdir.

Bayquşlar,gecə ov edib gəmiriciləri yeyirlər. Bu onların təbiətdəki roludur. Bayquşların gəmiriciləri yeməyi həmçinin xəstəliklərin yayılmasını əngəlləyir və təbiətin balansını qoruyur. Bu cür heyvanlar insanlar üçün təhlükəli olmamaqla yanaşı ekosistemə faydalıdırlar.

- Sizcə heyvanlar insanın niyyətini əvvəlcədən hiss edə bilir?

-Əvvəl heyvanlara yaxınlaşanda gərgin olurdum. Sonra öyrəndim ki, onlara necə toxunmaq lazımdır. İndi bilirəm ki, heyvanlar mənim niyyətimi hiss edir və buna uyğun reaksiya verirlər. Təmkinli və ehtiyatlı yanaşdıqda onların da gərginlikdən uzaq olduqlarını görürəm.


- Təbiətdə necə qidalanırsınız?

- Təbiətdən birbaşa əldə edib hazırladığım yeməklərin özünəməxsus bir həzzi var. Təbiətdə tapdığınız qidalarla yemək hazırlamaq, həm fiziki olaraq həm də ruhi cəhətdən fərqli bir təcrübədir. Həmin anı yaşamaq, təbiətin təbii dadını hiss etmək çox özəl bir hissdir.

 

- Qeyd etmisiz ki, təlimlər keçirirsiz. Bəs bu təlimlərə maraq necədir?
 
- Bəli "Forest School Azerbaijan"da ekstremal şəraitdə sağ qalmaq üzrə təlimçi kimi çalışıram. Eyni zamanda, 'Wild Game Azerbaijan' adlı layihəm var və burada həm böyüklər, həm də uşaqlar üçün sağ qalma düşərgələri təşkil edirəm. Təlimlərim təbiətə yaxın olmaq və sağ qalma bacarıqlarını öyrənmək istəyənlər üçün olduqca faydalıdır.

Teqlər:

"V\u0259h\u015fi t\u0259bi\u0259tin sirl\u0259ri: Saleh Bax\u015f\u0131yevin ekstremal mac\u0259ralar\u0131 - M\u00dcSAH\u0130B\u018f"

Əlaqəli Xəbərlər