Onlayn repititorluq effektivdirmi?

Müasir texnologiyalar həyatımızın hər sahəsinə böyük təsir göstərir və təhsil də burada istisna sahə deyil. Son illərdə xüsusilə sürətlə inkişaf edən onlayn repetitorluq təhsilin keyfiyyətini artırmaq və daha əlçatan etmək üçün ideal vasitəyə çevrilib.
Onlayn repetitorluq həm şagirdlər, həm də müəllimlər üçün bir çox üstünlüklər təqdim edir və təhsil prosesində yeni imkanlar yaradır.
Bəs bu yeni imkanlar uğur əldə etmək üçün effektivdirmi?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Operativ Media-nın sualını cavablayıb.
O bildirir ki, onlayn repititorluğun müsbət cəhətləri ilə yanaşı mənfi cəhətləri də var:
"Əvvəllər yalnız əyani şəkildə fəaliyyət göstərən fərdi hazırlıqlar və kurslar artıq rəqəmsal platformalara keçərək daha geniş coğrafiyalara xidmət göstərməyə başlayıb. Azərbaycanda repetitor xidmətlərinə olan tələbat uzun illərdir ki, artmaqda davam edir. Xüsusilə buraxılış və qəbul imtahanlarının test əsaslı olması, məktəbdaxili təhsilin əhatə və keyfiyyət baxımından zəifliyi valideyn və şagirdləri fərdi hazırlıq sisteminə yönəldib. Dövlət İmtahan Mərkəzinin 2023-cü il qəbul imtahanlarından sonra apardığı rəy sorğusuna əsasən, 11-ci sinif şagirdlərinin 71%-i əlavə hazırlıq alıb. Bu rəqəmin təxminən 25-30 faizi artıq onlayn formada həyata keçirilib. Yəni təqribən hər 4 repetitor xidmətindən biri onlayn tədris olunur.
Onlayn repititorluğun müsbət tərəflərindən biri məkan və zaman azadlığıdır. Müəllim və şagird fərqli regionlarda, hətta ölkələrdə yerləşsə belə, internet üzərindən əlaqə qura və dərs keçirə bilirlər. Bu xüsusilə regionlarda yüksək ixtisaslı müəllimlərin çatışmadığı halda alternativ yaradaraq təhsil bərabərsizliyini müəyyən qədər azalda bilər. İkinci üstünlük isə texnoloji resursların dərs prosesinə daha rahat inteqrasiyasıdır. Onlayn platformalar üzərindən dərs zamanı dərhal test tətbiqləri, interaktiv təqdimatlar, vizual animasiyalar və fərdi yönümlü öyrənmə vasitələri tətbiq edilə bilir. Bu isə ənənəvi sinif mühitində bəzən mümkün olmur. Üçüncü önəmli üstünlük isə maliyyə və logistika baxımından əlçatanlıqdır. Evdən çıxmadan dərsə qoşulmaq, nəqliyyat və əlavə xərclərdən azad olmaq, həm valideynlər, həm də müəllimlər üçün rahatlıq yaradır.
Bütün bu müsbət cəhətlərə baxmayaraq, onlayn repititorluğun effektivliyi hər şagird üçün eyni deyil. Xüsusilə ibtidai siniflərdə və ya özünüidarəetmə vərdişləri formalaşmamış yeniyetmələrdə onlayn dərslərə diqqətin yayılması, motivasiyanın zəifliyi və nəticə etibarilə dərsdən yayınma halları daha çox müşahidə olunur. Bundan əlavə, texnoloji infrastrukturun bərabər olmaması da problemi dərinləşdirir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına əsasən, hazırda regionlarda ev təsərrüfatlarının yalnız 68%-i stabil internetə çıxış imkanına malikdir. Bu isə təhsildə texnoloji ədalətsizliyin açıq göstəricisidir.
Onlayn repititorluğun effektivliyi onun düzgün təşkil olunması və pedaqoji əsaslara söykənməsi ilə şərtlənir. Əgər bu fəaliyyət qeyri-rəsmi, gəlir yönümlü və keyfiyyətə nəzarətsiz formada davam edərsə, uzunmüddətli dövrdə bu, təhsildə keyfiyyət itkisinə, şagirdin təlim nəticələrinin zəifləməsinə və valideynlərin maddi və emosional itkilərinə səbəb olacaq".
Onlayn repititorluğun davamlı və faydalı formada inkişafı üçün bir neçə əsas dəyişiklik baş verməlidir. Birincisi bu fəaliyyətin hüquqi çərçivəsi müəyyənləşdirilməli və lisenziya mexanizmi tətbiq olunmalıdır. İkincisi müəllimlərin rəqəmsal pedaqogika və onlayn tədris bacarıqları üzrə müntəzəm təlimlərdən keçməsi təmin olunmalıdır. Üçüncüsü regionlarda internet infrastrukturunun inkişafı prioritet sahəyə çevrilməlidir ki, texnoloji ədalətsizlik aradan qalxsın".