Yaxın Şərqdə 12 günlük İran-İsrail qarşıdurmasının yaratdığı gərgin fon və regional təhlükəsizlik çağırışları fonunda Azərbaycan öz mövqeyini bir daha göstərdi. Beş il ərzində milli təhlükəsizlik və pandemiya səbəbi ilə bağlı saxlanılan quru sərhədlər bu dəfə humanitar məqsədlərlə açıldı. Son rəsmi məlumata görə, Azərbaycan hökuməti ən azı 77 ölkənin vətəndaşının İrandan Azərbaycana keçidinə şərait yaratmaqla həm regional sabitliyə töhfə verdi, həm də beynəlxalq ictimaiyyətin rəğbətini qazandı. Bu humanist yanaşma bir çox ölkələrin təşəkkürü və təqdirilə qarşılandı. Məsələ ilə bağlı millət vəkili Rizvan Nəbiyev Operativ Media-ya öz fikirlərini bölüşüb:
“Dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşının təhlükəsizliyinin təmini və rifahının yüksəldilməsi dayanan Azərbaycan hökuməti quru sərhədlərlə bağlı humanitar və humanist səbəblərdən müəyyən istisnalar da edir və etməkdədir. Xüsusilə son günlər baş verənlər və İran İslam Respublikasından Azərbaycan Respublikası vətəndaşınlarının quru sərhədlə təxliyəsi buna misaldır. Həmçinin müraciətlərlə nəzərə alınan bir sıra əcnəbi ölkələrin diplomatlarının, eləcə də digər vətəndaşlarının da quru sərhədlərimizi açmaqla təxliyə edilməsi humanizm prinsipinin rəhbər tutulmasına əyani misaldır. BMT-yə üzv olan 193 ölkədən təqribən 80-i Azərbaycana müraciət edərək İranda olan öz vətəndaşlarının və diplomatik nümayəndələrinin təxliyəsində yardım istəyib. Bu Latın Amerikasından Avropa da daxil olmaqla Yaponiya və Avstraliyayadək böyük bir coğrafi məkanı əhatə edir. Azərbaycan qanunvericiliyinə uyğun şəkildə onların hər birinə keçid üçün imkan yaradılıb. Həmin ölkələrin rəhbərləri Azərbaycana təşəkkür və minnətdarlıq ediblər. Bu fakt Azərbaycanın həm daxili, həm də xarici siyasətində sərgilədiyi müstəqil və etibarlı mövqeyin aydın göstəricisidir. Dövlətimizin aidiyyəti qurumları mövcud şəraitə uyğun olaraq öz fəaliyyətlərini müxtəlif istiqamətlərdə peşəkarlıqla yerinə yetirirlər”.
Deputat həmçinin vurğulayıb ki, quru sərhədlərin bağlı saxlanılması strateji qərardır:
"Azərbaycanın quru sərhədlərinin bağlı qalması dövlətin strateji maraqlarını təmin etmək məqsədi daşıyır. Geosiyasi vəziyyət, regional təhlükəsizlik, ölkədaxili siyasi sabitliyin dayanıqlı təmini və təhlükəsizliyin daha da gücləndirilməsi bu qərarın verilməsində əsas rol oynayır. Bu, həm regional risklərdən qorunmaq, yeni çağırışlara hazır olmaq baxımından da məqsədəuyğun sayılır. Nəticə etibarilə Azərbaycanın dövlət sərhədlərinin bağlı qalması bir çox daxili və xarici faktorların təsiri ilə müəyyən olunmuş strateji qərardır".