Menyu

Yaşayış binalarının həyətində ödənişli parkinq tətbiq oluna bilər? – Vəkil açıqladı

Ayşən Sadıxzadə
Yaşayış binalarının həyətində ödənişli parkinq tətbiq oluna bilər? – Vəkil açıqladı

Paytaxtda yerləşən yaşayış komplekslərindən birində parkinqlə bağlı tətbiq edilən yeni qaydalar sakinlərin narazılığına səbəb olub.

Sakinlərin sözlərinə görə, bina idarəetməsi tərəfindən qonaq avtomobilləri üçün ödənişli parkinq qaydası tətbiq olunub, bu ödənişlərin mənzillərin kommunal haqqına əlavə ediləcəyi və qaydanın qaraj sahiblərinə də şamil olunacağı bildirilib.

Sakinlər bu qərarın onların hüquq və mənafelərinə birbaşa təsir etdiyini, lakin əvvəlcədən rəyləri öyrənilmədən və heç bir hüquqi əsas təqdim edilmədən birtərəfli qaydada qəbul olunduğunu bildirirlər. 

Bəs tətbiq olunan bu qaydalar qanunidirmi?

Mövzu ilə bağlı Operativ Media-ya danışan vəkil Turan Abdullazadə bildirib ki, çoxmənzilli binalarda parkinqlə bağlı mühüm qərarlar idarəetmə şirkəti tərəfindən təkbaşına qəbul edilə bilməz.

Onun sözlərinə görə, Mənzil Məcəlləsinə əsasən, çoxmənzilli binanın ali idarəetmə orqanı mənzil sahiblərinin ümumi yığıncağıdır və parkinq qaydalarında dəyişiklik kimi mühüm məsələlər də məhz həmin yığıncağın qərarı ilə təsdiqlənməlidir.

Vəkil qeyd edib ki, bina sahə mülkiyyətçiləri tərəfindən birbaşa idarə olunduğu hallarda da ümumi əmlakın, o cümlədən həyət və parkinq sahəsinin istifadəsi ilə bağlı şərtlər ümumi yığıncağın qərarı əsasında müəyyənləşdirilməlidir. İdarəetmə müqaviləsinin şərtlərinə əməl olunmaması isə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət yarada bilər.

T. Abdullazadənin sözlərinə görə, əgər yeni qaydalar ümumi yığıncaq keçirilmədən, yalnız idarəedici şirkətin qərarı ilə tətbiq olunubsa, bu, prosedur pozuntusu hesab oluna bilər və sakinlərin həmin qərarı mübahisələndirmək hüququ var.

O vurğulayıb ki, mövcud müqavilədə nəzərdə tutulmayan yeni ödənişlərin kommunal xərclərə əlavə edilməsi müqavilənin birtərəfli qaydada dəyişdirilməsi kimi qiymətləndirilə bilər. Mülki Məcəllənin ümumi prinsiplərinə əsasən isə müqavilə şərtləri tərəflərin razılığı olmadan birtərəfli qaydada dəyişdirilə bilməz, əgər belə bir hüquq əvvəlcədən müqavilədə nəzərdə tutulmayıbsa.

Vəkilin fikrincə, qaraj üçün artıq ödəniş edən sakindən avtomobilini müvəqqəti olaraq həyət ərazisində saxladığına görə əlavə haqq tələb edilməsi də mübahisə predmeti ola bilər. Bu hal, xüsusilə əvvəlcədən razılaşdırılmış tarif sistemində nəzərdə tutulmayıbsa, ədalətli xərc bölgüsü prinsipinə zidd hesab edilə bilər.

Parkinq yerlərinin sayına da toxunan T. Abdullazadə bildirib ki, bu məsələ şəhərsalma normaları ilə tənzimlənir. Onun sözlərinə görə, binanın tikintisi zamanı təsdiq edilmiş layihədə mənzillərin sayına uyğun minimum parkinq yerləri nəzərdə tutulmalıdır. Əgər faktiki parkinq yerlərinin sayı təsdiqlənmiş layihədən azdırsa, bu, tikinti normalarının pozulması kimi qiymətləndirilə və aidiyyəti dövlət qurumları tərəfindən araşdırıla bilər.

Vəkil əlavə edib ki, mövcud parkinq yerlərinin az olması özlüyündə sakinlərdən əlavə ödəniş tələb olunmasına hüquqi əsas yaratmır.

T. Abdullazadə “Yol Hərəkəti haqqında” Qanunun 53-cü maddəsinə də aydınlıq gətirərək bildirib ki, həmin norma əsasən dövlət, bələdiyyə və ya özəl avtomobil yollarında təşkil olunan parklanma yerlərini tənzimləyir və bina həyətlərindəki daxili parkinqlərə birbaşa aid edilə bilməz.

Onun sözlərinə görə, binadaxili ödənişli parkinq sisteminin yaradılması üçün şəhərsalma normalarına riayət olunmalı, eyni zamanda bina sakinlərinin əksəriyyətinin razılığı alınmalıdır.

Sonda vəkil qeyd edib ki, sakinlərin kollektiv şəkildə aidiyyəti qurumlara müraciət etməsi onların hüquqlarının müdafiəsi baxımından effektiv vasitə ola bilər. O bildirib ki, qanunsuz ödənişlərin tələb edilməsi qanunvericiliklə müəyyən olunmuş hallarda inzibati məsuliyyət yarada bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər