Kənd təsərrüfatı təyinatlı torpaqda tikilmiş ev hansı hallarda qanuniləşdirilə bilər?
Azərbaycanda sənədsiz və ya təyinatı üzrə istifadə olunmayan torpaqlarda tikilən fərdi yaşayış evlərinin qanuniləşdirilməsi uzun illərdir müzakirə olunan məsələlərdən biridir. Xüsusilə kənd təsərrüfatı təyinatlı torpaq sahələrində inşa edilmiş evlərin hüquqi statusu bir çox vətəndaşı maraqlandırır.
Bəs belə tikililər hansı hallarda qanuniləşdirilə bilər və bunun üçün qanunvericilik hansı şərtləri nəzərdə tutur?
Mövzu ilə bağlı Operativ Media-ya Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov danışıb.
O bildirib ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı yeddi kateqoriyaya bölünür:
Kənd təsərrüfatı təyinatlı torpaqlar;
- yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;
- sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;
- xüsusi qorunan ərazilərin torpaqları;
- meşə fondu torpaqları;
- su fondu torpaqları;
- ehtiyat fondu torpaqları.
Ekspert qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2024-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Torpağın kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” torpaq sahələrinin təyinatının dəyişdirilməsi prosesini daha da təkmilləşdirib.
Fariz Əkbərovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər isə 5 000 manat məbləğində cərimə edilir.
O vurğulayıb ki, bu inzibati xətalar üzrə protokolun tərtib edilməsi və işlərə baxılması İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətinə aiddir.
O bildirib ki, torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
- Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;
- torpaq sahəsinin ölçüsündən asılı olaraq, müvafiq miqyasda hazırlanmış situasiya planı (sərhədlərin döngə nöqtələri və onların koordinatları göstərilməklə) və ya sərhədlər daxilində mövcud və nəzərdə tutulan tikililər olduqda layihəçi tərəfindən hazırlanmış baş plan (xətti qurğular üçün isə onların istiqamətinin uzununa profili və en kəsiyi);
- torpaq xüsusi mülkiyyətdə olduqda, mülkiyyətçi fiziki şəxsdirsə şəxsiyyət vəsiqəsinin surəti, müraciət nümayəndə vasitəsilə edilirsə notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti;
- mülkiyyətçi hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, nümayəndənin səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədlərin surətləri;
- torpağın bir kateqoriyadan digərinə keçirilməsi məcburi hüquqi qüvvəyə malik ərazi planlaşdırılması sənədlərinin (ümumi, baş və müfəssəl planların) dəyişdirilməsi ilə bağlı olduqda, torpaq mülkiyyətçilərinin və istifadəçilərinin (o cümlədən istifadəsində torpaq sahəsi olan dövlət orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin) razılığı.