Qurban Qurbanov: "Bizi vacib bir sınaq gözləyir"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Dinamo Kiyev"lə oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Operativ Media xəbər verir ki, təcrübəli mütəxəssis qarşıda duran sınaq və komandanın son vəziyyəti ilə bağlı aşağıdakı fikirləri səsləndirib:
"Bizi vacib bir sınaq gözləyir. Yaxşı komandaya qarşı oynayacağıq. Rəqib Azərbaycanda da yaxşı tanınan və çoxsaylı azarkeş kütləsinə malik komandadır.
Düşünürəm ki, maraqlı oyun olacaq. Oyunun nəticəsindən asılı olmayaraq, qarşılaşmaya demək olar ki, istədiyimiz səviyyədə hazırlaşmışıq və yaxşı nəticə qazanmaq üçün meydana çıxacağıq.
Bilirik ki, rəqib də bu oyuna ciddi hazırlaşıb. Hətta çempionatdakı oyunlarını təxirə salaraq diqqətini tam şəkildə bu qarşılaşmaya yönəldib.
Hər bir halda, yaxşı nəticə əldə etmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
İlk növbədə qeyd edim ki, məni həmişə narahat edən rəqib yox, öz komandamız olub. Mən hər zaman istəmişəm ki, komandam düşündüyümüz hazırlıq planını tam şəkildə yerinə yetirə bilsin. Amma bu gün, açığı, bəzi narahatlıqlarım var. ÇSKA ilə oyundan sonra bir neçə futbolçuda mikrozədələr yarandı və buna görə də bəziləri məşq proqramını tam şəkildə yerinə yetirə bilmədi.
Həmin oyundan sonra məşqçilər heyəti ilə də bu barədə danışırdıq. Fikrim budur ki, mövsümün bu mərhələsində 120 dəqiqə oynamaq istənilən komanda üçün tezdir. Xüsusilə də yeni formalaşmış kollektiv üçün. Heyətdə hələ 90 dəqiqə oynamağa tam hazır olmayan futbolçular var. Belə bir vəziyyətdə 120 dəqiqə mübarizə aparmaq, özü də belə rəqibə qarşı, bizim üçün kifayət qədər ağır oldu. Futbolçular həddindən artıq yükləndilər. Onların bərpası gecikdi, üstəlik, oyundan sonra uzun səfər də oldu və gec saatlarda geri qayıtdıq. Məni narahat edən əsas məqam məhz budur.
Rəqibə gəlincə isə, əksinə, mən həmişə belə komandalarla qarşılaşmağı xoşlamışam. Xüsusilə də böyük tarixə malik, nüfuzlu, keçmiş postsovet məkanının tanınmış klublarına qarşı oynamaq hər zaman maraqlı olub. Mən bunu əvvəllər də demişəm, uşaq vaxtı 'Dinamo' Kiyevə azarkeşlik etmişəm. O dövrdə 'Dinamo' Kiyev və 'Spartak'ın oyunlarını böyük maraqla izləyirdim. Sonradan futbola daha peşəkar yanaşmağa başlayanda baxışlarım müəyyən qədər dəyişdi. Amma istənilən halda belə komandalarla qarşılaşmaq bizim üçün böyük prestijdir.
Düşünürəm ki, ölkəmizdən başqa bir komanda bu rəqiblə qarşılaşsaydı, bəlkə də maraq bu qədər yüksək olmazdı. Çünki 'Dinamo' Kiyevi hər kəs tanıyır. Xüsusilə yaşlı nəsil bu komandanın oyunlarını illərlə izləyib. Buna görə də belə komandalarla oynamaq mənim üçün həmişə qürurverici olub. Heç vaxt çəkinməmişəm. Əksinə, hesab edirəm ki, inkişaf etmək, irəli getmək və daha da güclənmək üçün məhz belə rəqiblərlə qarşılaşmalı, onlara qalib gəlməlisən".
Təcrübəli mütəxəssis ötən mövsümün çıxışlarına da toxunub.
"Biz bu səviyyədə rəqiblərlə kifayət qədər oynamışıq. Keçən mövsüm Çempionlar Liqasında çox böyük yük altında çıxış etdik. Təkcə biz yox, bizim səviyyəmizdə və hətta bizdən bir qədər güclü olan bir çox komandalar da həmin gərgin qrafikdən sonra əvvəlki nəticələrini qoruyub saxlaya bilmədilər. Çünki Çempionlar Liqasının yükü tamamilə fərqlidir. İstər qrup mərhələsi, istərsə də pley-off oyunları olsun, həm məsuliyyət, həm də gərginlik çox yüksək olur".