Vaxtı keçmiş məhsulun satışına görə mağazanı hansı hüquqi məsuliyyət gözləyir? - Vəkil danışır
İstehlak bazarında satılan məhsulların təhlükəsizliyi və keyfiyyəti həm istehlakçı hüquqlarının təmin edilməsinin, həm də sahibkarlıq fəaliyyətinin qanunauyğun həyata keçirilməsinin əsas şərtlərindən biridir. Xüsusilə qida məhsulları kimi insan sağlamlığına birbaşa təsir göstərən malların yararlılıq müddətinə riayət olunması qanunvericiliyin imperativ tələblərindən hesab olunur.
Bu sözləri Operativ Media-ya açıqlamasında vəkil Əminə İsmayılzadə bildirib.
Onun sözlərinə görə, bu baxımdan yararlılıq müddəti bitmiş məhsulun satışa çıxarılması və ya satılması yalnız istehlakçı hüquqlarının pozulması deyil, eyni zamanda inzibati, mülki və müəyyən hallarda cinayət məsuliyyəti yaradan hüquq pozuntusudur:
"Azərbaycan Respublikasının "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanununun 6-cı maddəsinin 2-ci hissəsində açıq şəkildə müəyyən edilmişdir ki, tez xarab olan və insanların sağlamlığına, həyatına, əmlakına, habelə ətraf mühitə təhlükə yarada bilən malların üzərində yararlılıq müddəti göstərilməli və yararlılıq müddəti ötmüş malların satışı qadağandır. Bu norma imperativ xarakter daşıyır və yararlılıq müddəti ötmüş məhsulların satışına yol verilməsini qadağan edir.
Bundan əlavə, Qanunun 10 və 13-cü maddələrinə əsasən, istehsalçı və satıcı məhsulun təhlükəsizliyini təmin etməli, yararlılıq müddətini düzgün göstərməli və istehlakçını məhsul barədə tam və düzgün məlumatlandırmalıdır. Qanunun 19.2.4-cü maddəsinə əsasən isə yararlılıq müddəti ötmüş məhsulların satışına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsi dövlət nəzarət orqanlarının vəzifəsidir. Qanunun 21-ci maddəsi bu hallarda mülki, inzibati və cinayət məsuliyyətini nəzərdə tutur.
Həmçinin qeyd etmək olar ki, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 4.8-ci maddəsində bildirilir ki, yararlılıq müddəti ötmüş, qablaşdırılması və markalanması texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən mallar satışda olan mallarla bir yerdə saxlanılmamalıdır. Belə mallar mal sahibi (satıcı) tərəfindən satış dövriyyəsindən çıxarılaraq, ticarət zalında və ya anbar sahəsində xüsusi ayrılmış yerdə saxlanılmalıdır. Yararlılıq müddəti ötmüş mallar mal sahibi (satıcı) tərəfindən xüsusi vasitələrin köməyi ilə istifadə üçün tam yararsız vəziyyətə gətirilməlidir.
Vaxtı keçmiş məhsulun satışına görə əsas məsuliyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən saxlama (yararlılıq) müddəti ötmüş məhsulların satılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək, hüquqi şəxslər isə 4.000 manatdan 6.000 manatadək məbləğdə cərimə edilirlər. İnzibati məsuliyyətin yaranması üçün məhsulun istehlakçıya faktiki zərər vurması tələb olunmur.
Əgər satıcı istehlakçıya məhsulun yararlılıq müddəti və digər mühüm xüsusiyyətləri barədə zəruri məlumat verməyibsə, bu halda əlavə olaraq İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsi tətbiq oluna bilər. Həmin maddəyə əsasən istehlakçının məhsul haqqında məlumat almaq hüququnun pozulmasına görə 200 manat məbləğində cərimə nəzərdə tutulmuşdur.
Vaxtı keçmiş məhsulun satılması nəticəsində istehlakçıya maddi zərər və ya sağlamlığına ziyan dəyərsə, satıcı inzibati məsuliyyətlə yanaşı mülki-hüquqi məsuliyyət də daşıyır. İstehlakçı ödənilmiş pulun geri qaytarılmasını, məhsulun dəyişdirilməsini, dəymiş maddi və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsini, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərin təmin edilməsini məhkəmə qaydasında tələb edə bilər.
Vaxtı keçmiş məhsulun satılması hər bir halda avtomatik olaraq cinayət məsuliyyəti yaratmır. Belə halların hüquqi qiymətləndirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilir və əməlin nəticələrindən asılıdır. Bu maddəyə əsasən, malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların xeyli miqdarda aldadılması cinayət məsuliyyəti yaradır .
İstehlakçı xeyli miqdarda aldadılaraq ona bilə-bilə keyfiyyətsiz məhsul satıldıqda, satıcı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.1-ci maddəsinə əsasən üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. Məcəllənin 200.2-ci maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda Məcəllənin 200.3-cü maddəsinə əsasən təqsirkar on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 200.4-cü maddəsinə əsasən isə eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda təqsirkar üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
Yararlılıq müddəti ötmüş məhsulların satışına yol verildikdə onların dövriyyədən çıxarılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Bu sahədə nəzarəti əsasən AQTA və fəaliyyət sahəsindən asılı olaraq İqtisadiyyat Nazirliyinin müvafiq qurumları həyata keçirirlər.
Qanunvericiliyin sistemli təhlili göstərir ki, yararlılıq müddəti ötmüş məhsulun satışı istehlakçı hüquqlarını pozan və ictimai sağlamlığa təhlükə yaradan hüquq pozuntusudur. Bu əmələ görə mağaza inzibati, mülki və qanunda nəzərdə tutulan hallarda cinayət məsuliyyəti daşıya bilər.
Buna görə də sahibkarlar yararlılıq müddətinə daimi nəzarət etməli, vaxtı keçmiş məhsulları dərhal dövriyyədən çıxarmalı və istehlakçılara yalnız təhlükəsiz məhsullar təqdim etməlidirlər. Bu tələblərə əməl olunması həm istehlakçı hüquqlarının qorunmasını, həm də sahibkarın hüquqi məsuliyyət risklərinin qarşısının alınmasını təmin edir".