ABŞ İrana yardıma görə sanksiyalar tətbiq edib
ABŞ beynəlxalq məhdudiyyətlərdən yan keçməkdə və yüz milyonlarla dolların qlobal maliyyə sistemi vasitəsilə köçürülməsində İrana yardım etməkdə günahlandırılan banklara, valyutadəyişmə məntəqələrinə və vasitəçilərə qarşı yeni sanksiyalar tətbiq edib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqottun bəyanatında qeyd olunub.
Onun sözlərinə görə, ABŞ Maliyyə Nazirliyi vəsaitlərin yuyulması üçün saxta strukturlardan istifadə edərək, Tehranın neft satışından əldə olunan gəlirlərə çıxış əldə etməsinə və sanksiyalardan yan keçməsinə kömək edən valyutadəyişmə məntəqələri və saxta şirkətlər şəbəkəsini ləğv edib.
"ABŞ açıq şəkildə bildirir: sanksiyalardan yan keçməyə kömək edən banklar, valyutadəyişmə məntəqələri və vasitəçilər ciddi nəticələrlə üzləşəcəklər", - Piqott qeyd edib.
Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, Vaşinqton bu məsələdə beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək.