Ukrayna və ABŞ “Patriot” raketlərinin aylıq tədarükü barədə razılaşıb
Ukrayna və ABŞ “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin hər ay tədarük edilməsi ilə bağlı razılığa gəlib.
Operativ Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Serbiya Prezidenti Aleksandar Vuçiçlə Belqradda keçirdiyi mətbuat konfransında bildirib.
Zelenski deyib ki, raket tədarükü məsələsi üzərində iş aparmaq çətindir və xüsusilə antiballistik raketlərin və sistemlərin əsas istehsalçısı olan ABŞ-nin dəstəyinə ehtiyac var. Onun sözlərinə görə, tərəflər hər ay Ukraynaya müəyyən sayda raketin ayrılması barədə razılığa gəliblər.
Ukrayna Prezidenti mövcud tədarüklərin ölkənin ehtiyaclarını tam qarşılamadığını və bu il göndərilən raketlərin sayının əvvəlki illərlə müqayisədə daha az olduğunu qeyd edib.
Bununla yanaşı, Kiyev Avropa ölkələri ilə raket-interseptorların tədarükü barədə danışıqları davam etdirir. Zelenskinin sözlərinə görə, bu istiqamətdə xüsusilə Polşa, Almaniya və Skandinaviya ölkələri ilə müzakirələr aparılır.