Paşinyan: 8 avqust Ermənistan və Azərbaycan üçün dönüş nöqtəsidir
Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Ermənistan-Azərbaycan Sülh Sammitinin ölkəsi üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Operativ Media xəbər verir ki, Paşinyan bu barədə Hrazdanda süni intellekt zavodunun açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ABŞ-nin vasitəçiliyi ilə keçirilən sammit və əldə olunan nəticələr bu gün reallaşdırılan layihənin həyata keçirilməsinə imkan yaradıb. Paşinyan 8 avqustun Ermənistan və Azərbaycan üçün dönüş nöqtəsi olduğunu vurğulayıb.
Baş nazir bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb və açılışı keçirilən layihənin əhəmiyyətini müzakirə ediblər.
Paşinyan həmçinin qeyd edib ki, Ermənistan hökuməti yaxın gələcəkdə “Tramp marşrutu” layihəsinə fokuslanacaq.
Onun sözlərinə görə, bu layihə Ermənistanın beynəlxalq investisiya xəritəsindəki mövqeyini daha da gücləndirəcək.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.