“Dinamo”nun baş məşqçisi “Qarabağ”ı fərqləndirdi
Ukrayna Premyer Liqasının II turunda "Veres"ə 2:1 hesabı ilə qalib gələn "Dinamo"nun baş məşqçisi İqor Kostyuk qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
Operativ Media xəbər verir ki, mütəxəssis ilk növbədə iştirak ərizəsində yer almayan futbolçuların durumuna aydınlıq gətirib.
O bildirib ki, Vladislav Dubinçak istirahət etdiyi, Aleksandr Pixalyonok isə kiçik zədəsi olduğu üçün bu görüşdə komandaya kömək edə bilməyib.
Hücum xəttindəki kəsərsizliklə bağlı tənqidlərə münasibət bildirən Kostyuk komandasının sönük təsir bağışlaması fikri ilə razılaşmayıb:
"Problem hücumların yekun fazasında imkanlardan istifadə edə bilməməyimizdir. Meydanda fərqli oyunçu heyətləri sınayırıq və təəssüf ki, qol imkanlarını dəyərləndirə bilmirik. Bundan əvvəl PAOK və "Qarabağ" kimi müdafiədə və hücumda fəal oynayan güclü rəqiblərlə qarşılaşmışıq. Ona görə də vəziyyət dediyiniz kimi deyil".
Baş məşqçi klubun yubiley mövsümündəki hədəflərindən də söz açaraq "Dinamo"nun qarşısında həmişə yalnız çempionluq tapşırığının dayandığını vurğulayıb.