Məqsədsiz analizlər, boşa gedən pullar: Check-up müayinəsi necə təyin edilməlidir?
Profilaktik müayinələr xəstəliklərin erkən mərhələdə aşkarlanmasında mühüm rol oynayır. Lakin son vaxtlar insanlar həkim məsləhəti olmadan müxtəlif analiz və müayinələrdən keçməyə üstünlük verirlər.
Bəs check-up zamanı hansı müayinələr zəruridir, analizləri həkim məsləhəti olmadan etdirmək doğrudurmu?
Mövzu ilə bağlı Operativ Media-ya tibb elmlər doktoru, professor Adil Qeybulla danışıb.
O bildirib ki, check-up müayinələri konkret patologiyanın müəyyənləşdirilməsi üçün zəruri olan analiz və müayinələr qrupudur. Məsələn, ürək-damar sistemi yoxlanılarkən qanda yağ göstəricilərindən tutmuş digər mühüm parametrlərə qədər bir sıra müayinələr aparılır. Bu, müəyyən edilmiş protokollar əsasında həyata keçirilir:
“Əslində, check-up müayinələri beynəlxalq protokollara əsaslanır və icbari tibbi sığorta çərçivəsində də diaqnostik müayinələrə aparan yollardan biri hesab olunur. Burada əsas məqsəd insanın özbaşına hansı analizləri verməli olduğunu müəyyənləşdirməsi deyil. Çünki insan hansı xəstəliyin olub-olmadığını bilmədiyi üçün hansı müayinələrə ehtiyacı olduğunu da dəqiq müəyyən edə bilməz.
Bəzi xəstəliklər üzrə isə artıq müəyyən edilmiş “yol xəritələri” mövcuddur. Məsələn, revmatoid artriti olan xəstələrdə spesifik göstəricilərdən biri olan anti-CCP mütəmadi olaraq yoxlanıla bilər. Lakin belə hallarda da müayinələrin həkim nəzarəti altında aparılması daha məqsədəuyğundur.
Ümumilikdə müayinələr həkimə müraciətlə başlamalıdır. Dünyanın bir çox ölkəsində də yanaşma məhz belədir. İnsan özbaşına müəyyən analizləri verə bilər, lakin həmin nəticələrin kifayət edib-etmədiyini, əlavə hansı müayinələrə ehtiyac olduğunu yalnız həkim düzgün qiymətləndirə bilər.
Hazırda dövlət tibb müəssisələrində və icbari tibbi sığorta çərçivəsində müəyyən check-up və diaqnostik müayinələr həyata keçirilir. Bu zaman müayinələrin siyahısı və ardıcıllığı müəyyən edilmiş tibbi yanaşmalara əsaslanır və məqsəd xəstəliyin vaxtında aşkarlanmasıdır.
Ona görə də vətəndaşın özbaşına təsadüfi analizlər seçməsi əvəzinə, ilk növbədə həkimə müraciət etməsi və müayinələrin həkim göstərişi ilə aparılması daha doğru yanaşmadır”.
