Rəhman Daşdəmirov: “Tarix yazdıq, xəyallarımız daha da böyüyüb”
Tarix yazdıq, xəyallarımız daha da böyüyüb.
Bunu Operativ Media-ya açıqlamasında “Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirov deyib.
O, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Danimarka çempionu “Orhus”a (AGF) qarşı qazandıqları 4:0 hesablı qələbəni şərh edib.
Futbolçu matçdan sonra çox xoşbəxt olduqlarını və tarixi nəticəyə imza atdıqlarını bildirib.
“Çox xoşbəxtik, çox şadıq. Tarix yazdıq. Rəqib yaxşı komanda idi, amma ilk oyunda vurduqları iki qol bir qədər bəxtə bağlı oldu. Burada isə onlardan daha güclü olduğumuzu sübut etdik”, – deyə Daşdəmirov vurğulayıb.
O, komandanın oyun ərzində rəqibə ciddi imkan yaratmadığını və şanslardan maksimum yararlandığını qeyd edib:
“Yaxşı oynadıq, çox yaxşı çıxış etdik. Rəqibə qapımıza yaxınlaşmaq üçün demək olar ki, heç bir şans vermədik. Yaratdığımız bütün imkanlardan istifadə etdik və layiqli qələbə qazandıq”.
Daşdəmirov “Sabah”ın əsas məqsədinin Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq olduğunu bildirib:
“İnşallah, bu uğurun davamı gələr. Məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir. Xəyallarımız daha da böyüyüb. İnşallah, belə də davam edər. Çoxlu qələbələr qazanaraq ölkəmizi sevindirmək istəyirik. İnşallah, bunu bacararıq”.