Menyu

Azərbaycanın Niderlanddakı səfirinin WUF13 ilə bağlı məqaləsi dərc olunub

Operativ Media
Azərbaycanın Niderlanddakı səfirinin WUF13 ilə bağlı məqaləsi dərc olunub

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadənin “Diplomat Magazine” jurnalında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı Azərbaycanın şəhərsalma və memarlıq inkişaf təcrübəsini əks etdirən məqaləsi dərc olunub.

Səfirlikdən Operativ Media-ya verilən məlumata görə, məqalədə Azərbaycanın şəhərsalma tarixinin əsas mərhələləri ardıcıl şəkildə təqdim edilir. Bu xüsusda, ölkənin tarixi-urban irsindən bəhs edilərək Qobustan qayaüstü təsvirlərinin insan məskunlaşmasının ən qədim izlərini əks etdirdiyi, qədim dövrdən orta əsrlərə qədər Bakı, Şəki, Gəncə, Şamaxı və Şuşa kimi şəhərlərin planlaşdırılmasının, eləcə də Lahıc kəndində mövcud olan su və kanalizasiya sisteminin Azərbaycanın qədim mühəndislik mədəniyyətinin bariz nümunələri olduğu bildirilir.

19-cu əsrin sonlarında baş verən ilk neft bumunun Azərbaycan şəhərlərinin, xüsusən də Bakının simasını dəyişməsi, bu dövrdə şəhərdə Avropa memarlıq üslublarında binaların inşa olunması, geniş prospektlərin, ictimai parkların və nəqliyyat infrastrukturunun formalaşdırılması, XX əsrin ortalarında isə monumental memarlıq, geniş yaşayış massivləri və sosial infrastruktura yönəlmiş şəhərsalma strategiyalarının ön plana çıxması barədə danışılır.

Məqalədə sürətli iqtisadi inkişafla müşayiət olunan müstəqillik dövrünün Azərbaycanın şəhərsalma tarixində müasir mərhələ kimi xarakterizə olunduğu bildirilir, bu dövrdə Bakıda inşa edilən və beynəlxalq səviyyədə tanınan Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Bakı Kristal Zalı, Xalça Muzeyi və Bakı Konqres Mərkəzi kimi müasir memarlıq nümunələri, eləcə də şəhərin sahilboyu modern simasını tamamlayan “Port Baku”, “Dəniz Mall” və “Crescent Development” kimi layihələr ölkənin urban inkişafında uğurlu təcrübə kimi göstərilir.

Bununla yanaşı, Azərbaycanın yeni inkişaf mərhələsində davamlılıq və ekoloji məsuliyyətin əsas prioritetlərdən olduğu vurğulanır. Bu çərçivədə Bakı bulvarı boyunca həyata keçirilən yaşıllaşdırma layihələri, keçmiş sənaye zonasının ekoloji reabilitasiyasını nəzərdə tutan “Ağ Şəhər” layihəsi, həmçinin müasir yaşayış, turizm və ekoloji davamlılıq prinsiplərini birləşdirən “Sea Breeze” layihəsi Azərbaycanın urban transformasiyasının bariz nümunələri kimi təqdim olunur.

Hazırda ölkədə şəhərsalma prosesinin əsasən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına yönəldildiyi, “Böyük Qayıdış” proqramı çərçivəsində bu ərazilərdə ağıllı, dayanıqlı və ekoloji təmiz şəhər və kəndlərin salındığı, müasir infrastrukturun qurulduğu və tarixi abidələr bərpa edildiyi bildirilir. Zəngilanın Ağalı kəndində tətbiq olunan “ağıllı kənd” konsepsiyası bu sahədə ilk nümunələrdən biri kimi qeyd olunur. Füzuli, Zəngilan və Laçın aeroportlarının, minlərlə kilometr uzunluğunda yeni magistral yolların və dəmir yolu xətlərinin, müasir tunel və körpülərin inşasının azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial həyatına inteqrasiyasına mühüm töhfə verdiyi bildirilir. Həmçinin Şuşa şəhərinin yenidən qurulması bu ərazilərdə mədəni irsin bərpasına yönəlmiş ən önəmli nümunələrdən biri kimi göstərilir.

Məqalədə, həmçinin Azərbaycan və Niderland arasında şəhərsalma sahəsində ortaq baxışlar və əməkdaşlıq imkanlarına da diqqət yetirilir. Qeyd olunur ki, Azərbaycanın orta əsr qala-şəhərlərindən başlayaraq neft bumu dövrü və ondan sonrakı metropollarına və müasir “ağıllı” kənd və şəhərlərinə qədər davamlı və çevik inkişaf təcrübəsi, Niderlandın isə davamlı urbanizasiya və su idarəçiliyi sahəsində qlobal təcrübəsi vardır. Hər iki ölkə ekoloji dayanıqlılıq, innovativ məkan planlaşdırması və inklüziv yaşayış siyasəti kimi istiqamətlərdə ortaq məqsədləri bölüşür. Bütün bu amillər gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Məqalənin sonunda vurğulanır ki, qlobal səviyyədə şəhərsalma problemlərinin, xüsusilə mənzil məsələsinin müzakirə olunacağı WUF13 çərçivəsində Azərbaycan öz təcrübəsini, bilik və baxışlarını beynəlxalq ictimaiyyətlə bölüşməyə hazırdır. Müəllif fikrini belə yekunlaşdırır: “Bakı şəhərinin əsrarəngiz və ikonik mənzərəsindən başlayaraq, azad edilmiş ərazilərdə salınan ağıllı kəndlərə qədər olan inkişaf nümunələri göstərir ki, Azərbaycan təkcə şəhərlərin necə inşa olunduğunu deyil, həm də onların necə yenidən dirçəldiyini dünyaya nümayiş etdirəcək.”

Məqalə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://diplomatmagazine.eu/2025/11/07/azerbaijans-urban-evolution-from-historical-heritage-to-smart-city-visions-at-the-world-urban-forum/

Əlaqəli Xəbərlər