Menyu

Mərkəzi Asiyaya çıxış: Yeni format Azərbaycana strateji üstünlüklər gətirir

Operativ Media
Mərkəzi Asiyaya çıxış: Yeni format Azərbaycana strateji üstünlüklər gətirir

"Ermənistan güc tətbiqi və deportasiya siyasəti ilə regionun demoqrafik xəritəsini dəyişmək üçün səylər edəndə, hərbi vasitələrlə, təcavüzkar müharibə vasitəsi ilə regionda beynəlxalq sərhədlərini dəyişməyə cəhd edəndə Azərbaycan tam fərqli siyasət yürüdürdü.

Regionun və Avrasiyanın, enerji xəritəsini, nəqliyyat-tranzit xəritəsinin yenidən tərtibi üçün öz resursları hesabına uğurlu enerji və nəqliyyat diplomatiyası həyata keçirirdi. Azərbaycan Prezidenti İlham Əliyevin hələ 15 il əvvəl əsasını qoyduğu bu uzaqgörən bu siyasəti işğala son qoyulduqdan, yeni reallqıda yeni siyasi və iqtisadi əməkdaşlıq imkanları yarandığı bir şəraitdə öz bəhrəsini verir".

Bu sözləri Operativ Media-ya deputat Rizvan Nəbiyev bildirib.

Rizvan Nəbiyev: “COP platformasında diskriminasiya və rassist yanaşmaya yer yoxdur”

O qeyd edib ki, 15-ə yaxın dövləti qazla təchiz edən Azərbaycanın dünyada boru xətləri ilə ən böyük qaz təchizahçısı şəbəkəsəni yaratması Prezident İlham Əliyevin uğurlu enerji diplomatiyasının bariz nümunələrindəndir. 

"Azərbaycan Respublikası malik olduğu çox vacib siyasi, iqtisadi və nəqliyyat resursları ilə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakçı kimi yer aldı. Azərbaycanın yeni platformada təmsilçiliyini Özbəkistan Prezidenti “tarixi gün” və “Mərkəzi Asiya xalqlarının maraqlarına cavab verən strateji addım”, Qazaxıstan Prezidenti isə “tarixi qərar” kimi dəyərləndirmişdir.

Bu strategiyanın əsasında Azərbaycanın yaratdığı yeni siyasi reallığın üstünlüklərini özündə birləşdirən və Cənubi Qafqaz regionunun coğrafiyasını aşan əməkdaşlqda Mərkəzi Asiya dövlətləri ilə hərtərəfli əlaqələri daha da intensivləşdirmək siyasəti yer alır.

Mərkəzi Asiya dövlətlərinin Avropa və dünya bazarına çıxmasında mühüm strateji əhəmiyyətə malik və Orta dəhlizin vacib seqmenti olacaq Zəngəzur Dəhlizinin 2028-ci ildə istifadəyə verilməsi ilə yeni imkanlar açılacaq və münasibətlər daha da intensivləşəcəkdir.

Bu mənada yeni məşvərət formatı Orta Asiya dövlətlərinin Cənubi Qafqaz regonuna, Qara dəniz hövzəsinə çıxışı, qardaş Türkiyə ilə münasibətlərin daha da intensivləşməsi baxımından, eləcə də Orta Şərqə yeni alternativ imkanlarla çıxışı üçün olduqca önəmlidir.

Xəzər hövzəsinin qərbində yerləşən Azərbaycanın yeni formata qoşulması Xəzər hövəzisinin şərqinə, Mərkəzi Asiya məkanına çıxışı, həmçinin Çinlə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün olduqca vacibdir. 

Zəngəzur dəhlizi həmçinin türk dövlətlərinin iqtisadi, ticarət əlaqələrinin intesivləşdirilməsi, nəqliyyat-tranzit imkanlarının birləşdirilməsidir. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışında vurğuladığı kimi, “əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək”.

Mərkəzi Asiyanın bütün dövlət başçıları nəqliyyat-tranzit və loqistika sahəsində əməkdaşlığın əhəmiyyətini vurğuladılar. 

Azərbaycanda yaradılan infrastruktur, nəqliyyat və tranzit üçün inşa edilən avtomobil və dəmir yolları, neft, qaz, eləcə də yaşıl enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanı Mərkəzi Asiya dövlətləri üçün müxtəlif sahələrdə vacib və etibarlı tərəfdaşa çevirib. Məsələn, Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi qlobal bazarlara “yaşıl enerji”nin birgə ixracı üçün böyük perspektivlər açır. 2024-cü ilin noyabrında Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi barədə Anlaşma Memorandumu imzaladılar. Gürcüstan, Bolqarıstan, Rumıniya və Macarıstanın da bu təşəbbüsə qoşulması yaşıl enerjinin Avropa bazarına çıxarılması üçün imkanları artırmadadır. Dünya Bankının bu layihənin icrasına ilkin mərhələdə 34 milyon dollar ayırması onun cəlbedici perspektivini təsdiləyir. “Rəqəmsal İpək Yolu” layihəsinin tərkibi kimi Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi yeni və müasir bir sahədə uzunmüddətli əməkdaşlıq üçün imkanlar açır. 

C5+1 formatında Mərkəzi Asiya-ABŞ əməkdaşlığı və Azərbaycan

C5+1 formatının 10-cu ildönümünü qeyd etmək məqsədilə Vaşinqtonda səfərdə olan beş Mərkəzi Asiya ölkəsinin prezidentləri noyabrın 7-də Mərkəzi Asiya dövlətləri və ABŞ arasında baş tutan Zirvə görüşündən sonra İki birgə bəyanat imzaladılar: İqtisadi sahədə niyyətə dair Birgə Bəyanat və Mədəni irs sahəsində niyyətə dair Birgə Bəyanat. Həmçinin ABŞ və hər bir dövlət arasında ayrılıqda ikitərəfli Məlumat arayışı (fact sheet) imzalandı və orada iki tərəfli əməkdaşlığın ümumi konturları və faktlar yer aldı.

Amerikalı ekspertlər bu sənədləri, orada yer alan əməkdaşlıq perspektivlərini „C5+1 platformasının, genişmiqyaslı çoxtərəfli diplomatiya platformasından iqtisadi sahəyə yönəlmiş formata“ keçid kimi dəyərləndirdi. „Regiondakı bəzi ölkələr üçün daha çox ikitərəfli əməkdaşlığa meyllənən bir format“ çoxşaxəli əməkdaşlıq üçün imkanlar yaradır. 

İqtisadi sahədə niyyətə dair Birgə Bəyanat üç strateji vacib sahədə əməkdaşlığı təsbit edir və bu sahələrdən biri “Transxəzər Ticarət Marşrutu və Bağlantı” başlığı ilə sənədə daxil edilmişdir. 

Bu sənəddə Transxəzər marşrutunun və TRİPP marşrutunun əhəmiyyətinin vurğulanması ABŞ hökumətinin regiona yönəlik uzunmüddətli strateji maraqlarından xəbər verir. Bu qarşılıqlı marağı və əməkdaşlıq strategiyasını C5+1 liderləri Birgə Bəyanatın mətnində bu formada ifadə etdilər: “C5+1 ölkələrinin və dünyanın mənafeyi naminə yükün, məlumatın və enerjinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Transxəzər Ticarət Marşrutunun (başqa adı ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) potensialını tam şəkildə inkişaf etdirməklə və onu Beynəlxalq Sülh və Rifah üçün Trump Marşrutu (TRIPP) ilə əlaqələndirməklə təchizat zəncirinin bağlantısını və dayanıqlılığını gücləndirmək”.

Həmçinin Birgə Bəyanatın Ticarət, İnvestisiyalar və Kritik Minerallar bölməsində qeyd edildi ki, Orta Dəhlizin və onun vacib seqmenti Zəngəzur Dəhlizi/TRİPP marşrutunun uzunmüddətli və dayanıqlı fəaliyyətinin əsasını təşkil edən kritik vacib mineralların istehsalı və tədarükü sahəsində əməkdaşlığa dair dialoq təsis olunur: “C5+1 Çərçivəsində Kritik Minerallar Dialoqu üzrə əməkdaşlığı davam etdirmək, geoloji kəşfiyyat, mədənçıxarma və emal sahələrində investisiya imkanlarını irəli aparmaq, eləcə də əlavə dəyər yaradan istehsalın — o cümlədən aşağı axın sənayelərinin — inkişafını təşviq etməklə Mərkəzi Asiyanın kritik minerallarını qlobal dəyər zəncirinə qoşmağa kömək etmək” çoxtərəfli əməkdaşlıq gündəmində yer alır.

“Krikit Minerallar Dialoqu”nun hədəfi C5+1 formatında ticarət və investisiyalar sahəsində əməkdaşlığın intensivləşdirilməsi niyyəti ilə vacib nadir metalların işlənməsi və Mərkəzi Asiyadan ABŞ-a ixracı sahəsində əməkdaşlığın sistemləşdirilməsidir. ABŞ bununla Çindən asılılığın azaldılması və mənbələrin şaxələndirilməsi siyasətini reallaşdırmağı planlayır. 
Mərkəzi Asiya Dövlətlərinin 7-ci Məşvərət Görüşündə çıxış edən Qırğız Respublikasının Prezidenti Japarov “qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacağına” əminliyini ifadə edib. “Bu gün regionun yeni nəqliyyat arteriyasının meydana çıxmasının şahidi oluruq”.“Strateji əhəmiyyətli ‘Çin–Qırğızıstan–Özbəkistan’ dəmir yolunun tikintisi sadəcə birləşdirici rol oynamayacaq, həm də logistikanı yenidən formalaşdıraraq ölkələrimizə Asiya və Avropanın ən böyük bazarlarına ən qısa çıxış imkanı yaradacaq. Bu kontekstdə Zəngəzur dəhlizinin tikintisi layihəsi "Çin–Qırğızıstan–Özbəkistan" dəmir yolunun məntiqi və strateji davamı kimi görünür.” Prezident Japarov “nəqliyyat sahəsində qarşılıqlı əlaqənin səmərəliliyini artırmaq məqsədilə gömrük məlumatlarının mübadiləsi və icazəverici sənədlərin "bir pəncərə" prinsipi əsasında rəsmiləşdirilməsi üçün vahid elektron platforma – ‘Rəqəmsal Tranzit Dəhlizi’ hazırlanıb tətbiq edilməsini“ təklif edib.

Azərbaycan Prezidenti İlham Əliyev əminlik ifadə edib ki. “Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb. Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir”.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı hüququ alması tarixi və coğrafi faktorlar baxımından vahid olan geosiyasi məkanda qərarlaşan dövlətlərin fəaliyyətlərinin əlaqələndirilməsi üçün yeni bir platformanın yaradılması deməkdir. Azərbaycanın xarici siyasət kursunda, çoxtərəfli diplomatik müstəvidə Prezident İlham Əliyev strateji baxışlarına uyğun atılan növbəti uğurlu addımdır. Azərbaycan Prezidentinin Daşkənd görüşündə dediyi sözlərlə ifadə etsək, „Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur.“ Azərbaycanın yeni formata qoşulması mövcud siyasi, iqitisadi, enerji və nəqliyyat potensialından daha optimal formada və dinamik şəkildə istifadə imkanları yaradır. 

Regional problemlərin həllində ümumi yanaşmaların işlənib hazırlanmasında yeni format müəyyən bir funksiyaya malik olacaq. Eləcə də qlobal çağırışlar fonunda oxşar və eyni mövqenin işlənib hazırlanması, mövqelərimizin əlaqələndirilməsi baxımından da yeni formatda əməkdaşlıq bizi daha da yaxınlaşdıracaq."- deputat qeyd edib.

Teqlər:

Mərkəzi Asiya Azərbaycan

Əlaqəli Xəbərlər