Qırğızıstan və Azərbaycan gömrük idarəçiliyini təkmilləşdirəcək

Noyabrın 17-dən noyabrın 20-dək Qırğızıstanın Dövlət Gömrük Xidmətinin nümayəndə heyəti gömrük inzibatçılığında müasir rəqəmsal həllərin tətbiqini öyrənmək məqsədilə Azərbaycanda səfərdə olub.
Operativ Media xəbər verir ki, bu barədə "Kabar News" agentliyi məlumat yayıb.
Səfər çərçivəsində Qırğızıstan nümayəndə heyəti Azərbaycanın gömrük orqanlarında elektron gömrük bəyannaməsi sistemi, risklərin idarə edilməsi sistemi, ödəniş şlüzləri, kibertəhlükəsizlik mexanizmləri və daxil olan bəyannamələrin yayılması sistemi ilə tanış olub. Milli “Bir pəncərə” sistemlərinin qarşılıqlı əlaqəsinə xüsusi diqqət yetirilib. İki ölkənin “Bir pəncərə” sistemlərinin nümayəndələri rəqəmsal vasitələrin gömrük rəsmiləşdirilməsi prosesinə inteqrasiyası üçün praktiki addımları da müzakirə ediblər.
Səfər nəticəsində onlar Qırğızıstan və Azərbaycanın gömrük xidmətləri arasında məlumat mübadiləsi üçün protokol və texniki şərtlərin hazırlanması və imzalanması barədə razılığa gəliblər. Tərəflər həmçinin iki ölkənin “Bir pəncərə” sistemləri arasında sertifikat mübadiləsini elektron formada təşkil etmək niyyətlərini təsdiqləyiblər.