Deputat: Ulu Öndər sayəsində 20 Yanvar hadisələri hüquqi qiymətini aldı

20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş hərbi və siyasi cinayət kimi qiymətləndirilir. Hadisələr zamanı Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, lakin əhali əvvəlcədən xəbərdar edilməmişdir. Fövqəladə vəziyyət elan olunmamış vəziyyətdə hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdır. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür.
Yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Ümumilikdə 131 nəfər həyatını itirmiş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində həm dövlət, həm də şəxsi əmlak məhv edilmişdir.
Deputat Müşfiq Cəfərov Operativ Media-ya bildirib ki, 20 Yanvar hadisələri təkcə faciə deyil, milli məfkurənin inkişafına təkan verən hadisə olmuşdur, eyni zamanda Azərbaycanın istiqlal yolundakı ilk zirvə, xalqın azadlıq istəyinin oyanış günüdür və uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın suverenlik uğrunda cəsarət nümayişidir.
O, vurğulayıb ki, yalnız Ulu Öndər Heydər Əliyevin mərdliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri hüquqi və siyasi qiymətini almış, Ümummilli lider 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ifşa etmişdir.
Müşfiq Cəfərov qeyd edib ki, 20 Yanvar hadisələri beynəlxalq cinayət kimi də qiymətləndirilməli, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında yer almalıdır.