ATƏT-in Minsk qrupunun ləğvi: Yeni regional reallıqlar və sülh prosesi - RƏY

Xəbər verdiyimiz kimi, bu gün ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb.
Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişə dövründə ATƏT-in Minsk qrupu əsas vasitəçilik mexanizmi kimi çıxış etsə də, zamanla bu qurumun fəaliyyətsizliyi və prosesin dondurulmasına xidmət etməsi geniş tənqidlərə səbəb olmuşdur. 2020-ci ildə Azərbaycanın torpaqlarını azad etməsi, regionda yaranmış yeni geosiyasi reallıqlar və iki ölkə liderlərinin son danışıqlarda nümayiş etdirdiyi siyasi iradə nəticəsində Minsk qrupunun həm de-fakto, həm də de-yure ləğvinə gətirib çıxardı.
Mövzu ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirov Operativ Media-ya bildirib ki, sülh prosesi çərçivəsində Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü əsas tələblərdən biri ATƏT-in Minsk qrupunun fəaliyyətinə son verilməsi ilə bağlı idi:
“ATƏT-də qərarların qəbulu “konsensus prinsipi”nə əsaslandığından, təşkilatın hər hansı qurumunun ləğvi üçün bütün üzv dövlətlərin razılığı tələb olunur. Bu baxımdan, Minsk qrupunun fəaliyyətinin dayandırılması üçün Ermənistanın da razılıq verməsi zəruri idi.
Bu istiqamətdə mühüm irəliləyiş əldə edildi. Belə ki, 8 avqust tarixində, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüş keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan dialoq nəticəsində bir sıra mühüm razılaşmalar əldə olundu və birgə bəyanatlar imzalandı. Tərəflər razılığa gəldilər ki, həm Azərbaycan, həm də Ermənistan ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi təşəbbüsünə qoşulur.
Bu razılaşma əsasında hər iki ölkə ATƏT-ə müvafiq müraciətlər göndərdi və həmin müraciətlər qəbul edildi. Nəticə etibarilə, 1 dekabr tarixindən etibarən Minsk qrupunun ləğvi məsələsi hüquqi qüvvəyə minmiş hesab olunur. Qrup faktiki olaraq uzun müddətdir fəaliyyət göstərməsə də, hüquqi baxımdan mövcudluğunu qoruyub saxlamışdı. 1992-ci ilin mart ayından etibarən fəaliyyət göstərən Minsk qrupunun real nəticəyə nail ola bilməməsi, onun fəaliyyətinin səmərəsizliyini göstərən əsas faktorlardan biridir. Qrupun prosesi “dondurulmuş vəziyyətdə” saxlamağa yönəlmiş fəaliyyəti Ermənistanın maraqlarına xidmət edir və münaqişənin həllinə töhfə vermirdi.
Hazırda isə, həm Azərbaycan, həm də Ermənistanın birgə qərarı əsasında, 1 dekabr tarixindən etibarən, ATƏT-in Minsk qrupu artıq təkcə de-fakto deyil, həm də de-yure olaraq mövcud deyil”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Tural Gəncəliyev isə qeyd edib ki, Ermənistan və Azərbaycan liderləri, xüsusilə də son ABŞ səfəri zamanı ABŞ Prezidenti ilə keçirilmiş üçtərəfli görüşdə münaqişənin artıq başa çatdığını və sülhün əldə edildiyini bəyan ediblər:
“Bu kontekstdə, ABŞ-nin vasitəçilik mirası hesab olunan ATƏT-in Minsk qrupunun prosesdəki rolu faktiki olaraq aradan qalxmış və beynəlxalq münasibətlər sisteminin terminologiyasından çıxarılmışdır. Başqa sözlə, artıq Minsk qrupu ilə bağlı termin və anlayışlardan istifadə edilmir.
Bu səbəbdən hesab etmək olar ki, məsələyə formal və ya süni şəkildə yenidən mexanizm və proses xarakteri vermək yolverilməzdir. Minsk qrupu ATƏT çərçivəsində yaradılmış daxili bir institut idi və ATƏT daxilində onun ləğvi istiqamətində artıq addımlar atılmışdır. Bu institut tam şəkildə sıfırlanmalı, həm mövcud sənədlər ləğv edilməli, həm də Minsk qrupu ilə bağlı terminologiya ATƏT-in leksikonundan çıxarılmalıdır.
Əgər münaqişənin iki tərəfi – təcavüzkar Ermənistan və Azərbaycan – bu məsələdə razılığa gəlib sülhə nail olublarsa, ATƏT də öz növbəsində üzərinə düşən öhdəlikləri icra etməli, bu institutla bağlı bütün mexanizmləri hüquqi baxımdan tamamlamalıdır. Minsk qrupu ilə əlaqəli sənədlər də arxivlərdən çıxarılaraq hüquqi dövriyyədən tam şəkildə silinməlidir. Çünki uzun illər ərzində bu qurumun fəaliyyəti ikili standartlara əsaslanmış, münaqişənin dondurulmuş vəziyyətdə saxlanmasına xidmət etmiş və ATƏT-in özünün nüfuzuna ciddi xələl gətirmişdir.
ATƏT daxilində Minsk qrupu, şəxsi nümayəndə institutu, yüksək səviyyəli planlaşdırma qrupları və digər mexanizmlər təşkilatın bu məsələdə nə dərəcədə gücsüz və təsirsiz qaldığını nümayiş etdirirdi. Buna görə də ATƏT-in özü üçün ən doğru addım bu ağır və problemli mirasdan mümkün qədər tez azad olmaq, öz arxivlərini bu mənfi irsdən təmizləməkdir. Bu, təkcə Azərbaycan və beynəlxalq ictimaiyyət üçün deyil, həm də Ermənistan üçün faydalıdır. Çünki artıq keçmişin ağır, çətin və mənfi irsi mövcud olmayacaq və region yeni sülh reallığı əsasında inkişaf edəcəkdir”.
Siyasi şərhçi Sahil Kərimli bildirib ki, Minsk qrupunun rəsmi şəkildə ləğv edilməsi, Azərbaycan dövlətinin bu prosesdə birbaşa iştirakının nəticəsi kimi qiymətləndirilə bilər:
“Azərbaycan uzun müddət ərzində Minsk qrupunun fəaliyyətinin dayandırılması məsələsini haqlı olaraq irəli sürmüşdür. 30 illik işğal dövründə Minsk qrupu heç bir real fəaliyyət göstərməmiş, konkret addımlar atmamış və münaqişənin həllinə dair nəticə əldə edə bilməmişdir. Bu müddət ərzində Ermənistanı konstruktiv mövqeyə gətirmək mümkün olmamışdır.
2020-ci ildəki tarixi Zəfərdən sonra, Qarabağ münaqişəsi Azərbaycan əraziləri çərçivəsində tam şəkildə həll edilmiş və Azərbaycan öz torpaqlarını azad etmişdir. Minsk qrupunun fəaliyyəti artıq zəruri deyildi və Azərbaycan bu məsələləri öz imkanları ilə həll etmişdir. Prezident İlham Əliyev dəfələrlə mövqeyini qəti və prinsipial şəkildə ortaya qoymuşdur. Nəticədə Ermənistan Azərbaycan tərəfinin haqlı tələblərini yerinə yetirmiş və Minsk qrupunun fəaliyyəti faktiki olaraq arxivə göndərilmişdir.
Bundan sonra Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsi üçün aparılan danışıqlar prosesi artıq ikitərəfli formatda həyata keçirilir və bu prosesdə heç bir xarici vasitəçiyə və ya beynəlxalq təşkilata ehtiyac qalmamışdır. Minsk qrupunun ləğvi Azərbaycan üçün real nəticə vermiş və ölkənin münaqişəni öz səyləri ilə həll etməsi ilə özünü təsdiqləmişdir”.
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi istiqaməti üzrə hazırlanıb.

