Menyu

Köhnə Yeni il: Tarixdən günümüzə

Ayşən Sadıxzadə
Köhnə Yeni il: Tarixdən günümüzə

Köhnə Yeni il tarix baxımından maraqlı və həm də mənəvi dəyəri olan bayramlardan biridir. Bu gün, Yuli təqvimi ilə bağlı ənənələrin qorunması və Milad dövrü ilə uzlaşması sayəsində insanlara səbir, mənəvi yenilənmə və ailə dəyərlərinə sadiqlik mesajı verir.

Bu barədə Operativ Media-ya Bakı şəhəri Alov Xristian Dini İcmasının sədri İdris Məmmədov danışıb.


O bildirib ki, kilsə Yuli təqvimini erkən xristianlıq dövründən miras olaraq qəbul edib:

“Yuli təqvimi əsrlər boyu dini bayramların hesablanmasında istifadə olunduğu üçün kilsə onu liturgik sabitliyin və davamlılığın simvolu kimi qoruyub saxlayır.

Köhnə Yeni il dini baxımdan əsas bayram olmasa da, Milad dövrü ilə uzlaşaraq insanlara səbir, mənəvi yenilənmə və ənənəyə sadiqlik mesajı verir. Bu sadiqlik daha çox teoloji deyil, ənənənin qorunması və kilsə kimliyinin saxlanması ilə bağlıdır. Kilsə üçün forma və ritual vahidliyi mühüm prinsip sayılır.

Bu gün Köhnə Yeni il daha çox simvolik xarakter daşıyır. Lakin ailə və icma mühitində qeyd olunduqda gənclərin kilsə ənənələri ilə tanış olmasına və bu bağların qorunmasına töhfə verir. Bayramın qeyd olunması həmçinin keçmişdə baş vermiş mühüm hadisələri xatırladır və bu tarixi hadisələrə müraciət etməyə səbəb olur. Bunun üçün Müqəddəs İncildən ayələr oxunur və onların fərdi şəkildə oxunması tövsiyə edilir”.

İdris Məmmədov qeyd edib ki, Yuli təqvimi eramızdan əvvəl 45-ci ildə Roma imperiyasında tətbiq olunub və Roma imperatoru Qay Yuli Sezarın adı ilə bağlıdır. Xristianlıq Rom imperiyasında rəsmi din olduqdan sonra kilsə bu təqvimi hazır sistem kimi qəbul edib. Orta əsrlər boyunca bütün xristian dünyasında dini bayramlar Yuli təqviminə əsasən hesablanıb.

1582-ci ildə isə Qriqorian təqvimi yaradılıb və Katolik kilsəsi yeni təqvimə keçib. Lakin Pravoslav kilsələrinin bir qismi Yuli təqvimini qoruyub saxlayıb. Bunun əsas səbəbləri arasında dini bayramların tarixlərinin dəyişməməsi və liturgik sabitliyin qorunması göstərilir.

Elmi araşdırmaların və xüsusilə astronomiyanın rolu da böyük olub. Belə ki, Yuli təqvimi ildə 365 gün 6 saat hesab edirdi, halbuki Günəş ili əslində 365 gün 5 saat 48 dəqiqə 46 saniyədir. Bu kiçik fərq hər 128 ildən bir 1 gün yığılırdı. Nəticədə 1582-ci ildə təqvimdə dəyişiklik edilməsi zəruri olub.

Hazırda Köhnə təqvimi Rus Pravoslav Kilsəsi dini bayramların qeyd edilməsində tətbiq edir. Roma Katolik və Protestant kilsələri isə dini bayramları ümumdünya qəbul edilmiş Qriqorian təqvimi ilə qeyd edirlər.

Əlaqəli Xəbərlər