Nağdsız ödəniş və kredit: rahatlıq, yoxsa bataqlıq? - ARAŞDIRMA

Pul artıq cibimizdə deyil, telefonumuzdadır. Marketdə, kafedə, taksidə kartı yaxınlaşdırırıq və ödəniş saniyələr içində tamamlanır. Nağdsız ödənişlər gündəlik həyatımızı xeyli asanlaşdırıb: nə xırda pul dərdi var, nə də kassada uzun gözləmə.
Bununla paralel olaraq insanların kredit kartlarından istifadə halları da gündəlik həyatın adi bir hissəsinə çevrilib. Artıq təkcə nağd puldan imtina etmirik, eyni zamanda gələcək gəlirimizi bu gündən xərcləyirik. Market alışından tutmuş kommunal ödənişlərə, hətta gündəlik xırda xərclərə qədər kredit kartı ilə ödənişlər artır.
Bu isə bir çox ailə üçün hər ay təkrarlanan maliyyə döngüsü yaradır: maaş kartı ilə borc bağlanır, kredit kartı yenidən istifadə olunur və ayın sonuna doğru eyni proses təkrarlanır. Nəticədə rahatlıq kimi təqdim olunan bu sistem bəzi vətəndaşlar üçün davamlı borclanma vərdişinə çevrilir.
Eyni zamanda artıq demək olar ki, hər şeyi kreditlə almaq mümkündür. “Aylara böldür, faizsizdir” mesajı istehlakçılar üçün cəlbedici səslənir. “Ayda cəmi 20 manat nədir ki?” düşüncəsi ilə insanlar fərqinə varmadan kredit öhdəliklərini gündən-günə artırırlar. Kiçik məbləğlər psixoloji olaraq yüngül görünsə də, onların cəmi ay sonunda ciddi yükə çevrilir.
Bu yanaşma təkcə məişət texnikası və gündəlik alış-verişlə məhdudlaşmır. Avtomobil və mənzil kimi böyük dəyərli məhsullar da “minimal ilkin ödəniş”, “ayda …99 manat” kimi sloqanlarla təqdim olunur. Reklamlar insanlarda asan sahiblik illüziyası yaradır, amma uzunmüddətli borcun real dəyəri çox zaman kölgədə qalır.
Mövzu ilə bağlı Operativ Media-ya danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, kreditlərin əlçatanlığının artması Azərbaycanda borclanma səviyyəsinin yüksəlməsinə səbəb olur:
"Gəlirlərin aşağı olması, maaşların artım tempinin zəifliyi, minimum və orta aylıq əməkhaqqının real yaşayış xərclərinə uyğun gəlməməsi vətəndaşları kreditə daha çox müraciət etməyə məcbur edir. Nəticədə bir çox insanlar borc yükünün içində qalır və bu döngüdən çıxmaqda çətinlik çəkir".
Ekspert onlayn və nağdsız ödənişlərin genişlənməsi məsələsinə də toxunub:
"Onlayn və nağdsız ödənişlərin genişlənməsi müəyyən risklər də yaradır. Uzunmüddətli perspektivdə bankların və ya dövlət qurumlarının ödənişlərin istiqamətinə müdaxilə etmək imkanları formalaşa bilər. Bu, hələlik ehtimal səviyyəsində olsa da, maliyyə azadlığı baxımından ciddi suallar doğurur. Məhz buna görə də nağd ödənişlər alternativ kimi həmişə mövcud qalmalıdır".
Digər bir məsələ isə yaranan borc öhdəliklərini zamanında ödəyə bilməməkdir.
Bəs bu halda kredit gecikməsinə görə cərimə yazıla bilərmi?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Operativ Media-ya bildirib ki, əgər vətəndaşın kredit ödənişində gecikmə yaranarsa, qanuna əsasən müəyyən cərimələr tətbiq olunur:
"Lakin, əgər gecikmə işdən azad olunma və ya digər səbəblərlə əlaqədardırsa, qanun və bank sistemi müəyyən güzəştlər nəzərdə tutur.
Belə hallarda, kredit üzrə illik 5% faiz dərəcəsi tətbiq olunur. Burada diqqət edilməlidir ki, bu illik faizdir, aylıq deyil. Bu güzəşt yalnız maksimum 6 ay müddətində qüvvədə olur və vətəndaşa maliyyə baxımından nəfəs almaq imkanı verir ki, gəlirini bərpa etsin və öhdəliklərini davam etdirə bilsin.
Altı ayın sonunda isə kredit ya əvvəlki şərtlərlə davam edir, ya da bankla qarşılıqlı razılaşma əsasında yeni ödəniş qrafiki müəyyən edilir. Məqsəd vətəndaşı cərimələrlə yükləmək deyil, onun maliyyə sabitliyini qorumaqdır".

