Menyu

Qanunsuz ağac kəsənlər nə qədər cərimələnə bilər? - MƏBLƏĞ

Ayşən Sadıxzadə
Qanunsuz ağac kəsənlər nə qədər cərimələnə bilər? - MƏBLƏĞ

Qanunsuz ağac kəsmə və yaşıllıqların məhv edilməsi ekoloji hüquq pozuntusu kimi qiymətləndirilir və bu cür əməllərə yol verən şəxslər üçün həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur. Qanunvericiliyə əsasən, təbiətə vurulan ziyanın həcmindən asılı olaraq cərimələr tətbiq edilir, bəzi hallarda isə daha ağır hüquqi tədbirlər görülür.

Bu məsələ fonunda vətəndaşları düşündürən əsas suallardan biri isə şəxsi mülkiyyət daxilində olan ağacların taleyi ilə bağlıdır. Belə ki, bir çox hallarda şəxsin xüsusi mülkiyyətinin həyətində yerləşən, qurumuş və ya tikililərə təhlükə yaradan ağacların kəsilməsi zərurəti yaranır. Lakin mövcud qaydalara görə, hətta xüsusi mülkiyyətdə olan yaşıllıqların belə kəsilməsi müəyyən prosedurlara tabedir və icazəsiz müdaxilə qanunsuz hesab oluna bilər.

Mövzu ilə bağlı vəkil Turan Abdullazadə  Operativ Media-ya bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən, ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

“Lakin bu xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. 

İXM-nin 253.2-ci maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir.

Ağacların kəsilməsi (xüsusilə yaşıllıq sahələrində, şəhər ərazilərində və meşə fondunda) üçün əvvəlcədən icazə alınmalıdır.

Əsas səlahiyyətli mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Bununla bağlı yerli ivə ya regional ekologiya idarələrinə müraciət edilməlidir. İcazəsiz şəkildə öz həyətinizdə olan ağacı kəsmək ciddi məsuliyyətə səbəb ola bilər”.

Əlaqəli Xəbərlər