Spirtli içkinin təsiri bədəndə neçə saat qalır?
"Bir çox insan düşünür ki, spirtli içki qəbul etdikdən sonra özünü yaxşı hiss edirsə, artıq qanda spirt qalmayıb. Amma bu, tamamilə yanlış fikirdir".
Bu sözləri Operativ Media-ya açıqlamasında Terapevt Sübhan Hacıyev bildirib.
Onun sözlərinə görə, spirtin qanda qalma müddəti 6–12 saatdır:
"İstənilən miqdarda spirtli içki beyinin koqnitiv funksiyalarını zəiflədə bilər. Nəticədə insanın diqqəti azalır, reaksiya müddəti uzanır və rasional qərar vermək çətinləşir.
Ümumilikdə spirtin qanda qalma müddəti təxminən 6–12 saatdır. Lakin sidik analizlərində spirt 24 saata qədər aşkar edilə bilər.
Bu onunla izah olunur ki, spirt (etanol) qəbul edildikdən sonra əsasən qaraciyərdə parçalanır. Sağlam bir insanın orqanizmi saat ərzində maksimum 10–12 qram spirt metabolizə edə bilir
Bu o deməkdir ki, əgər 2–3 qədəh spirtli içki qəbul etmisinizsə, onun bədəndən tam çıxması üçün ən azı 6–8 saat vaxt lazımdır.
Əlbəttə, bu müddət içkinin növündən, tərkibindəki spirt faizindən, qəbul edilən miqdardan və insanın orqanizminin xüsusiyyətlərindən asılı olaraq daha da uzana bilər”.
Spirtli içki qəbul etmiş şəxs nə qədər müddət avtomobil idarə edə bilməz? Cərimələr nə qədərdir?
Nəqliyyat eksperti Aslan Əsədov Operativ Media-ya bildirib ki, spirtli içkinin təsiri altında nəqliyyat vasitəsini idarə etmək ciddi hüquqi məsuliyyət yaradır. Bu məsuliyyət içilən spirtli içkinin növündən və miqdarından asılı olaraq dəyişə bilər:
“Azərbaycan qanunvericiliyinə, xüsusilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, sərxoş vəziyyətdə avtomobil idarə edən şəxslər 500, 700 və ya daha yüksək məbləğdə cərimə oluna bilər. Eyni zamanda sürücülük hüququnun məhdudlaşdırılması və bəzi hallarda inzibati həbs də tətbiq edilə bilər. Təkrar pozuntular isə daha ağır sanksiyalarla nəticələnir.
Məsələnin tibbi tərəfinə gəldikdə isə, spirtli içkinin orqanizmə təsiri fərdi xüsusiyyətlərdən asılıdır. Ümumilikdə, alkoqolun təsiri bir neçə saatdan bir sutkaya qədər davam edə bilər. Lakin bu, insanın çəkisi, maddələr mübadiləsi və qəbul etdiyi spirtin miqdarına görə dəyişir.
Qeyd etmək vacibdir ki, alkoqolun qanda qalma müddəti ilə onun təsirinin davametmə müddəti eyni deyil. Praktik olaraq sürücülər üçün təhlükəsiz yanaşma spirtli içki qəbul etdikdən sonra ən azı 24 saat ərzində nəqliyyat vasitəsi idarə etməməkdir".

