Tərəflər arasında yazılı razılaşma qanuni sənəd sayıla bilərmi?
Tərəflər arasında yazılı və ya elektron formada razılaşma hüquqi baxımdan keçərlidirmi, yoxsa mütləq rəsmi müqavilə tələb olunur?
Mövzu ilə bağlı vəkil Səma Əhmədova Operativ Media-ya danışıb.
O bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə hesab olunur:
"Bu norma göstərir ki, müqavilənin əsasını tərəflərin qarşılıqlı razılığı təşkil edir və hüquqi münasibət məhz həmin razılaşma əsasında yaranır.
Bununla yanaşı, Mülki Məcəllənin 390.1-ci maddəsində təsbit olunan müqavilə azadlığı prinsipinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilə bağlaya və həmin müqavilənin məzmununu sərbəst şəkildə müəyyənləşdirə bilərlər. Hətta tərəflər qanunvericilikdə birbaşa nəzərdə tutulmayan, lakin qanuna zidd olmayan müqavilələr də bağlaya bilərlər.
Bu baxımdan tərəflər arasında yazılı və ya elektron formada (məsələn, elektron poçt, mesajlaşma tətbiqləri və s.) əldə edilən razılaşmalar, əgər tərəflərin iradəsini və razılaşdırılmış şərtləri aydın şəkildə ifadə edirsə, müəyyən hallarda hüquqi münasibətin mövcudluğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilər.
Eyni zamanda qeyd edilməlidir ki, Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunvericiliyin imperativ normalarına uyğun olmalıdır. Yəni qanun bəzi hüquqi əməliyyatlar üçün xüsusi forma – məsələn, notarial təsdiq və ya dövlət qeydiyyatı tələb edirsə, həmin hallarda sadə yazılı və ya elektron razılaşma hüquqi nəticə doğurmaya bilər.
Cinayət məsuliyyəti məsələsinə gəldikdə isə, tərəflərin öz aralarında razılaşma əldə etməsi və yazılı və ya elektron formada bunu təsbit etməsi özü-özlüyündə cinayət əməli hesab edilmir. Qanunvericilikdə belə bir hərəkətə görə cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Cinayət məsuliyyəti yalnız müqavilə və ya razılaşma vasitəsilə qanunla qadağan olunmuş fəaliyyət həyata keçirildikdə, saxta sənədlər tərtib edildikdə və ya digər qanunsuz əməllər törədildikdə yarana bilər".
Beləliklə, tərəflər arasında yazılı və ya elektron formada əldə olunan razılaşma bir çox hallarda hüquqi baxımdan keçərlidir və bu cür razılaşmanın bağlanması özlüyündə cinayət məsuliyyəti yaratmır. Bununla belə, hüquqi risklərin qarşısını almaq və tərəflərin hüquq və öhdəliklərini daha dəqiq müəyyən etmək məqsədilə münasibətlərin sistemli və aydın müqavilə formasında rəsmiləşdirilməsi daha məqsədəuyğun hesab olunur.