Ərdoğan: 5G texnologiyaları Türkiyənin bütün vilayətlərini əhatə edəcək
Martın 31-də Ankaradakı Prezident Kompleksində Türkiyədə beşinci nəsil simsiz mobil rabitə texnologiyasının (5G) tətbiqinə başlanılması münasibətilə tədbir keçirilib.
Operativ Media xəbər verir ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Türkiyə Prezidenti bildirib ki, 5G texnologiyaları rəqəmsal transformasiyanı sürətləndirəcək, istehsal həcmini artıracaq, xidmətlərin keyfiyyətini yaxşılaşdıracaq və ölkənin qlobal rəqabət qabiliyyətini gücləndirəcək.
Onun sözlərinə görə, müasir dünyada yüksəksəviyyəli kibertəhlükəsizlik və rəqəmsallaşma güclü və nüfuzlu dövlətin əsas göstəricilərindəndir.
“Regionda, o cümlədən Livan, Fələstin və İranda baş verən proseslər virtual məkanda da müdafiə tədbirlərinin təmin edilməsinin vacibliyini göstərdi. “Məlumatlar dövrü”ndə siyasi sabitlik, iqtisadi müstəqillik və rəqəmsal sahədə suverenlik bir-birini tamamlayır. Ölkə dövlət sərhədlərini qoruduğu kimi kiberməkanda da eyni səviyyədə özünü qoruya bilmirsə, bu, ciddi boşluq deməkdir. Biz Türkiyəni rəqəmsal sahədə nümunə olaraq qəbul olunan səviyyəyə çatdırmışıq”, – deyə Türkiyə lideri bildirib.
Dövlət başçısı əlavə edib ki, 5G texnologiyaları ölkədə məlumat ötürmə qabiliyyətini on dəfə artıracaq və iki il ərzində Türkiyənin bütün vilayətlərini əhatə edəcək.