Serbiya və Macarıstanı birləşdirən qaz kəmərinə qarşı diversiya cəhdinin qarşısı alınıb
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin və regionun enerji təchizatı üçün mühüm əhəmiyyət kəsb edən qaz infrastrukturuna qarşı diversiya cəhdinin qarşısının alındığını bildirib.
Operativ Media xəbər verir ki, ölkə başçısı bu haqda "instaqram" hesabında paylaşım edib.
O, iki ölkəni birləşdirən kritik qaz kəmərinə yönəlmiş təhdidlə bağlı aparılan təhqiqatın ilkin nəticələri barədə Macarıstanın Baş naziri Viktor Orbanı məlumatlandırıb.
Vuçiç qeyd edib ki, Macarıstanın Baş naziri ilə telefon danışığı zamanı Serbiya hərbi-polis orqanlarının apardığı araşdırmanın təfərrüatlarını qarşı tərəfə çatdırıb. Əməliyyat zamanı yüksək dağıdıcı gücə malik partlayıcı maddələr və onları aktivləşdirmək üçün lazım olan detonatorlar aşkar edilib.
Dövlət başçısı jurnalistlərə açıqlamasında bildirib ki, xidməti itlərin, ordu və polis qüvvələrinin birgə fəaliyyəti nəticəsində Velebit yaşayış məntəqəsi yaxınlığında, qaz kəmərindən cəmi bir neçə yüz metr aralıda iki böyük bağlamada partlayıcı maddə tapılıb. O, Serbiyanın həyati vacib maraqlarını hədəf alanlara qarşı amansız tədbirlərin görüləcəyini vurğulayıb. Prezidentin sözlərinə görə, tapılan maddələrin gücü çox sayda insanın həyatını təhlükəyə ata bilərdi, lakin vaxtında görülən tədbirlər sayəsində hər hansı itki olmadan təxribatın qarşısı alınıb. Serbiya tərəfi təhqiqatın gedişatı barədə Macarıstanı məlumatlandırmağa davam edəcəyini bəyan edib.