KİV: İran ABŞ-nin Hörmüz boğazı ilə bağlı atəşkəs təklifini rədd edib
İran Hörmüz boğazının açılması müqabilində ABŞ-nin müvəqqəti atəşkəs təklifini rədd edib.
Operativ Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti vasitəçilərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Pakistan, Türkiyə və Misirdən olan vasitəçilər danışıqları irəli aparmağa çalışırlar, lakin Tehran Vaşinqtonun tələblərini qəbuledilməz adlandırır.
"İran hesab edir ki, ABŞ hər hansı tələb irəli sürəcək vəziyyətdə deyil", - qəzet qeyd edib.
"Tehran rəsmiləri həmçinin İslamabadda amerikalı həmkarları ilə birbaşa görüş keçirməkdən imtina ediblər", - WSJ yazıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehrana çərşənbə axşamınadək Hörmüz boğazını açmaq barədə ultimatum xarakterli tələb irəli sürmüşdü. Əks halda, Ağ Ev rəhbəri İranın enerji infrastrukturu obyektlərinə zərbələr endirməklə hədələyib.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
İran rəhbərliyi həmçinin ABŞ, İsrail və əməliyyata dəstək verən dövlətlərlə əlaqəsi olan gəmilər üçün Hörmüz boğazının bağlanması barədə qərar qəbul edib. Münaqişə zamanı Tehranın icazəsi olmadan boğazdan keçməyə cəhd edən bir neçə tanker hücuma məruz qalıb.