"Axios": ABŞ və İran 45 günlük atəşkəsi müzakirə edirlər
ABŞ və İran 45 günlük atəşkəs imkanlarını müzakirə edirlər.
Operativ Media xəbər verir ki, bu barədə bazar günü "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ, İran və bir qrup regional vasitəçi münaqişənin dayandırılmasına gətirib çıxara biləcək 45 günlük mümkün atəşkəs şərtlərini nəzərdən keçirirlər. Portalın mənbələri yaxın 48 saat ərzində sazişin əldə olunma ehtimalının az olduğunu etiraf etsələr də, bunun genişmiqyaslı eskalasiyanın qarşısını almaq üçün "yeganə fürsət" ola biləcəyini qeyd edirlər. Əks halda, eskalasiya İranın mülki infrastrukturuna kütləvi zərbələr, həmçinin Fars körfəzi ölkələrinin energetika və su təchizatı sistemlərinə qarşı cavab zərbələri demək olacaq.
"Axios"un mənbələri bildirir ki, Pakistan, Misir və Türkiyədən olan vasitəçilər tərəflər arasında etimadın möhkəmləndirilməsi tədbirlərinə nail olmağa çalışırlar. Onlar İranın Hörmüz boğazının açılması və nüvə proqramı məsələsində müəyyən addımlar atacağına ümid edirlər. Portal yazır: "Onlar həmçinin atəşkəsin müvəqqəti xarakter daşımayacağı və münaqişənin yenidən alovlanmayacağı barədə İrana zəmanət vermək üçün Tramp administrasiyasının hansı addımları ata biləcəyi üzərində işləyirlər".
Bundan əvvəl ABŞ Prezidenti "Axios"a müsahibəsində aprelin 7-nə qədər İranla sazişin bağlanma ehtimalının yüksək olduğunu bildirmişdi. O, "Truth Social" şəbəkəsində İranın aprelin 6-na qədər Hörmüz boğazını açmayacağı təqdirdə, ölkənin enerji və mülki infrastrukturuna zərbələr endiriləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Bununla belə, portalın vurğuladığına görə, Amerika lideri mümkün sazişin bağlanma müddətini bir sutka — ABŞ Şərq sahili vaxtı ilə aprelin 7-si saat 20:00-dək uzadıb.