Vens: ABŞ Xark adasındakı hərbi hədəflərə zərbələr endirib
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Amerika qüvvələrinin Xark adasındakı hərbi obyektlərə zərbələr endirdiyini bəyan edib.
Operativ Media xəbər verir ki, o, bu barədə Macarıstanın Baş naziri Viktor Orbanla keçirdiyi birgə mətbuat konfransında danışıb.
"Anladığım qədərilə, biz Xark adasındakı bəzi hərbi hədəflərə zərbələr endirmək niyyətində idik və hesab edirəm ki, bunu həyata keçirmişik", — deyə o, bildirib.
Vens izah edib ki, sözügedən zərbələr ABŞ Prezidenti Donald Trampın İran tərəfi ilə sazişin əldə olunması üçün müəyyən etdiyi son müddətə heç bir təsir göstərmir:
"Düşünmürəm ki, Xark adası ilə bağlı xəbərlər strategiyanın dəyişməsini və ya ABŞ Prezidenti tərəfindən hər hansı bir dəyişikliyi əks etdirsin. O, əvvəlki kimi son müddətin saat 20:00 (Bakı vaxtı ilə aprelin 8-i, saat 04:00) olduğunu bəyan edir".
Bundan əvvəl "Mehr" agentliyi İslam Respublikasının əsas neft terminallarının yerləşdiyi Xark adasının ABŞ və İsrail tərəfindən bir sıra hava zərbələrinə məruz qaldığı barədə məlumat yayıb.
ABŞ Prezidenti aprelin 5-də "Axios" portalına verdiyi müsahibəsində aprelin 7-nə qədər İranla sazişin bağlanma ehtimalının yüksək olduğunu ehtimal etmişdi. Daha əvvəl isə o, "Truth Social" sosial şəbəkəsində İranın aprelin 6-na qədər Hörmüz boğazında genişmiqyaslı gəmiçiliyin bərpası üçün şərait yaratmayacağı təqdirdə, enerji və mülki infrastruktura zərbələr endiriləcəyi ilə hədələmişdi. Sonradan Amerika lideri İranla mümkün sazişin bağlanma müddətini bir sutka — ABŞ-nin Şərq sahili vaxtı ilə 7 aprel saat 20:00-a (Bakı vaxtı ilə 8 aprel, saat 04:00) qədər uzatmışdı.