BMT-nin Baş katibi ABŞ-İran atəşkəsini alqışlayıb
BMT-nin Baş katibi Antoniu Quterreş ABŞ və İran arasında atəşkəs rejiminin elan edilməsini alqışlayıb, bütün tərəfləri beynəlxalq hüquqa və barışıq şərtlərinə əməl etməyə çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.
"Baş katib ABŞ və İran tərəfindən iki həftəlik barışığın elan edilməsini alqışlayır. O, Yaxın Şərqdəki mövcud münaqişənin bütün tərəflərini beynəlxalq hüquq üzrə öhdəliklərini yerinə yetirməyə, habelə regionda uzunmüddətli və hərtərəfli sülhə yol açmaq üçün barışıq şərtlərinə riayət etməyə çağırır", — deyə məlumatda bildirilir.
Bəyanatda həmçinin qeyd olunur ki, hərbi əməliyyatların dayandırılması mülki əhalinin müdafiəsi üçün təxirəsalınmaz dərəcədə zəruridir. Bununla yanaşı, dünya təşkilatının rəhbəri barışığın əldə olunmasındakı köməyinə görə Pakistana və digər vasitəçilərə minnətdarlığını ifadə edib.