Latviyada taksi sürücülərinin genişmiqyaslı etiraz aksiyası keçirilib
Şəfa Hüseynli
Latviyanın paytaxtı Riqada taksi sürücüləri Bolt platformasının "aqressiv siyasətinə" qarşı genişmiqyaslı etiraz aksiyası keçiriblər.
Operativ Media xəbər verir ki, bu barədə Latviya mediası məlumat yayıb.
İştirakçılar avtomobillərinə "Biz kölə deyilik", "Bizsiz yaşaya bilməzsiniz" və digər şüarlar yazılmış müxtəlif plakatlar yapışdırıblar. Etiraz hakimiyyətin Boltun bazardakı təsirini məhdudlaşdırmaq vədini yerinə yetirməməsi ilə bağlı olub. Bundan əlavə, etirazçılar daha aydın qiymət qaydalarını və komissiyaların azaldılmasını tələb ediblər.
Polisin məlumatına görə, etiraz aksiyasında təxminən 220 sürücü iştirak edib. Riqadan əlavə, Yelgava və Dauqavpilsdə də etiraz aksiyaları keçirilib.