İlham Əliyevlə Tramp arasında telefon danışığı 40 dəqiqədən çox çəkib
Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Trump arasında avqustun 8-də baş tutan telefon danışığı 40 dəqiqədən çox davam edib.
Operativ Media "1news.az"a istinadən xəbər verir ki, zəng Donald Trampın təşəbbüsü ilə baş tutub və 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin birinci ildönümünə təsadüf edib.
Mövcud məlumata görə, Azərbaycan və ABŞ liderləri arasındakı söhbət dostluq və isti abu-havada keçib.
Xəbər verdiyimiz kimi, söhbət zamanı İlham Əliyev və Donald Tramp Vaşinqton sammitindən ötən bir ilin nəticələrini, Azərbaycan ilə Ermənistan arasında sülh prosesini, TRIPP layihəsinin icrasını və Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər.
Xüsusilə qeyd olunub ki, ötən il ərzində bölgədə sülh və sabitlik qorunub saxlanılıb, sülh prosesinə zərər vura biləcək heç bir insident baş verməyib.
Tərəflər həmçinin Azərbaycan neft məhsullarının Ermənistana ixracını, Azərbaycan ərazisindən yüklərin tranzitini və iki ölkə arasında ticarət əlaqələrinin başlanmasını müsbət qiymətləndiriblər.