Azərbaycan arxeologiyasında rəqəmsal texnologiyaların tətbiqi üzrə bir ilkə imza atılıb
Ağstafa rayon Heydər Əliyev Mərkəzində AMEA Arxeologiya və Antropologiya İnstitutunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun təşkilatçılığı ilə “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda nəzəri və praktiki təlimlərin yekununa həsr edilmiş geniş tərkibli iclas keçirildi.
Operativ Media xəbər verir ki, iclası giriş sözü ilə açan AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev tədbir iştirakçılarına bildirdi ki, respublikamızda elm sahələrinin müasir tələblərə uyğun rəqəmsallaşma istiqamətində inkişafına xüsusi diqqət verilməkdədir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 11 fevral 2026-cı ildə keçirilmiş müşavirədə ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul edilib. Müşavirədə müəyyən edilmiş prioritetlərə uyğun olaraq “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq olunub. İyunun 29-da isə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.
F.Quliyev İnstitutun rəqəmsal inkişaf üzrə gördüyü tədbirlər içində keçirilmiş təlimlərin önəmini vurğuladı. “4-8 avqust tarixlərində türkiyəli mütəxəssislərin iştirakı ilə keçirilmiş nəzəri və praktiki təlimlər Azərbaycan arxeologiyasında yeni bir səhifəni açdı. İlk dəfə olaraq azərbaycanlı arxeoloqlar müasir elmin çağırışlarına uyğun rəqəmsal təsvirlərin yaradılması və 3D modelli ölçü təsvirlərinin müxtəlif kriterilərə görə təsnifatı, sənədləşdirilmə texnologiyaları və onlardan istifadə biliklərinə yiyələnməyə başlamışlar. Artıq bu biliklərə yiyələnmiş arxeoloqlarımız hər bir tədqiqat ərazisinin müasir tələblərə cavab verən rəqəmsal modelini yaradacaqlar.”
Fərhad Quliyev xüsusi olaraq İnstitutun kollektivi adından türkiyəli mütəxəssislərə — Ege Universitetinin doktoru Zafer Derinə, Manisa Celal Bayar Universitetinin tədqiqatçısı Şahin Menteşeyə və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisi Hilal Beydemirə dərin minnətdarlığını və təşəkkürünü bildirdi. Eyni zamanda F.Quliyev “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun kollektivinin təlimlərin təşkilində rolunu vurğuladı, onların fəaliyyətini yüksək qiymətləndirərək, təşəkkürlərini ifadə etdi.
Daha sonra söz alan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev tədbir iştirakçılarına Mədəniyyət Nazirliyinin, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin abidələrdə aparılan tədqiqatlara verdiyi böyük önəm barədə danışdı. Arxeoloji tədqiqatların rəqəmsallaşma işində dövlət qurumlarının və elmi tədqiqat müəssisələrinin birgə fəaliyyətinin yüksək nəticələrini qeyd etdi. M.Mursaquliyev həmçinin, bu təlimlərin qardaş Türkiyə Cümhuriyyəti ilə elm sahəsində əməkdaşlığın bir təcəssümü olduğuna diqqəti çəkdi.
Türkiyəli mütəxəssislər Şahin Menteşe və Hilal Beydemir öz çıxışlarında Azərbaycanda onlara göstərilən dərin hörmətə və qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirdilər. Türkiyəli mütəxəssislər, təlim apardıqları Keşikçidağ və Şəmkir qoruqları ərazisindəki abidələrdə, həmçinin Gədəbəy rayonundakı Xarxar nekropolunda və Tovuz rayonundakı Göytəpə yaşayış məskənində aparılan tədqiqatlara əsasən, Azərbaycanda arxeologiya elminin böyük potensiala sahib olduğunu bildirdilər. Təlimçilər bu təlimlərin bundan sonra da daha geniş vüsət alacağına, hər iki qardaş dövlətdə aparılan arxeoloji tədqiqatlarda elmi mübadilə çərçivəsində birgə əməkdaşlığın dərinləşməsinə böyük ümid bəslədiklərini vurğuladılar.
Şahin Menteşe türkiyəli təlimçilər adından təlimin təşkilatçılarına Türkiyənin qədim naxış üslubu ilə bəzədilmiş çini sinini ərməğan etdi.
Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun doktorantı, gənc arxeoloq Aqil Əliyev söz alaraq türkiyəli mütəxəssislərə və təlimin təşkilatçılarına təlim almış bütün həmkarları adından təşəkkürünü bildirdi. Tez bir zamanda aldıqları biliklərinin arxeoloji çöl və kameral tədqiqatlarda tətbiqinin Azərbaycanın rəqəmsal arxeologiyasının dünya elm meydanında layiqli təmsili üçün geniş imkanlar açacağını vurğuladı.
Tədbirin rəsmi hissəsindən sonra türkiyəli təlimçilər abidələrin və qazıntı ərazilərinin 3D təsvirlərinin müxtəlif istiqamətlər üzrə emalı və tapıntıların LiDAR texnologiyası vasitəsilə üç ölçülü təsvirlərinin yaradılması üzrə son nəzəri-praktiki təlimlərini keçirdilər. Bununla da dörd gün davam etmiş “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda nəzəri və praktiki təlimlər yekunlaşdı.
Təlimlərdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun gənc əməkdaşları ilə yanaşı, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Arxeologiya və etnoqrafiya” şöbəsinin əməkdaşları da iştirak edirdilər.
Qeyd edək ki, təlimlər üçün AMEA Arxeologiya və Antropologiya İnstitutunun satınalmalar vasitəsilə əldə etdiyi yeni avadanlıqlar — Apple iPad Pro planşetləri istifadə edilmişdi.