PSJ-nin hücumçusu Barkola "Liverpul"la müqavilə şərtlərini razılaşdırıb
Fransanın PSJ klubunun hücumçusu Bredli Barkola İngiltərənin "Liverpul" komandası ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Operativ Media xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 23 yaşlı futbolçunun transfer məbləği ilə bağlı klublar arasında danışıqlar davam edir. Mersisayd təmsilçisinin fransalı hücumçu üçün 100 milyon avrodan bir qədər artıq təklif irəli sürdüyü, lakin Paris klubunun bu təklifdən imtina etdiyi bildirilir.
Digər jurnalist Nikolo Skiranın iddiasına görə isə, PSJ öz oyunçusunu təxminən 170 milyon avro dəyərində qiymətləndirir.
Qeyd edək ki, 2023-cü ildən PSJ-də çıxış edən Barkolanın klubu ilə müqavilə müddəti 2028-ci ilə qədər nəzərdə tutulub. Hücumçu 2025/2026-cı illər mövsümündə bütün turnirlər daxil olmaqla keçirdiyi 49 oyunda 13 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı onun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.