Dmitri Şlapaçenko: İqlim sahəsində uğurun əsas şərti fəaliyyətin sürətləndirilməsidir
Ölkələr Paris Sazişinin məqsədlərinə sadiqlik nümayiş etdirirlər.
Operativ Media xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitri Şlapaçenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil etdiyi yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, iqlim sahəsində uğurun əsas şərti fəaliyyətin sürətləndirilməsidir.
“Son onillikdə dünya iqlim sahəsində mühüm irəliləyiş əldə edib. İqlim fəaliyyəti qlobal siyasət müzakirələrinin mərkəzinə keçib, bərpa olunan enerji sürətlə genişlənir və ölkələr Paris Sazişinin məqsədlərinə sadiqlik nümayiş etdirirlər”, - deyə Şlapaçenko bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, dünya iqlim dəyişikliklərinin qarşısını almaq üçün kifayət qədər sürətlə hərəkət etmir. Qlobal temperaturun növbəti onillikdə 1,5 dərəcə Selsi həddini keçməsi ehtimalı artır.
“Bu ambisiyaları azaltmaq və fəaliyyəti təxirə salmaq üçün səbəb deyil. Əksinə, səylərimizi daha da gücləndirməliyik. Məqsəd temperatur artımının 1,5 dərəcə həddini aşmasının qarşısını mümkün qədər almaq və geri dönməz iqlim dəyişikliklərindən qaçmaqdır”, - deyə o vurğulayıb.
Şlapaçenko Paris Sazişi üzrə üç istiqamətdə fəaliyyətin sürətləndirilməsinin vacibliyini qeyd edib.
O bildirib ki, ilk növbədə emissiyaların azaldılması üçün qalıq yanacaqlardan bərpa olunan enerjiyə keçid sürətləndirilməli, enerji şəbəkələrinə, enerji saxlama sistemlərinə və elektrikləşdirməyə investisiyalar artırılmalıdır. Eyni zamanda, metan emissiyalarının azaldılması və meşələrin qırılmasının qarşısının alınması istiqamətində tədbirlər görülməlidir.
İkinci mühüm istiqamətin iqlim dəyişikliklərinə uyğunlaşma və dayanıqlılığın gücləndirilməsi olduğunu deyən BMT rəsmisi iqlim təsirlərinin artıq gələcəyin deyil, bu günün problemi olduğunu bildirib.
“İcmalar dünyanın müxtəlif yerlərində daha tez-tez və daha güclü iqlim hadisələri ilə üzləşirlər. İnsanların həyatını və dolanışığını qorumaq üçün erkən xəbərdarlıq sistemlərinə, risklərin azaldılmasına və iqlimə davamlı infrastruktura investisiya qoymalıyıq”, - deyə Şlapaçenko qeyd edib.
O bildirib ki, Nepal, Çin və digər ölkələrdə müşahidə olunan hadisələr iqlim dəyişikliklərinin təsirlərinin artıq sistemli xarakter aldığını göstərir.
Şlapaçenko iqlim fəaliyyətinin qarşısındakı əsas problemlərdən birinin də əlçatan maliyyə olduğunu vurğulayıb.
“İnkişaf etməkdə olan ölkələrə lazımi maliyyə imkanları yaradılmadan onların iddialı iqlim hədəflərinə çatmasını gözləmək olmaz. Kapitalın dəyərinin azaldılması, özəl investisiyaların səfərbər edilməsi və çoxtərəfli inkişaf banklarının gücləndirilməsi üçün islahatlara ehtiyac var”, - deyə o bildirib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Azərbaycanın iqlim sahəsində liderliyinə də toxunub. O qeyd edib ki, COP29 Azərbaycanın qlobal iqlim diplomatiyasındakı rolunu gücləndirib və bu proses Bakı İqlim Fəaliyyəti Həftəsi ilə davam edir.
Onun sözlərinə görə, əsas məqsəd yaradılmış dinamikanı konkret və ölçülə bilən nəticələrə çevirməkdir.
Şlapaçenko BMT-nin baş katibinin iqlim fəaliyyəti və ədalətli keçidlə bağlı yüksək səviyyəli görüşünün sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçiriləcəyini də diqqətə çatdırıb.
O bildirib ki, görüşdə hökumətlər, beynəlxalq təşkilatlar, inkişaf bankları, özəl sektor və vətəndaş cəmiyyəti iqlim fəaliyyəti üzrə əməkdaşlığın gücləndirilməsi və praktiki həllərin müzakirəsi üçün bir araya gələcək.
“COP31-dən sonrakı iqlim liderliyi verdiyimiz vədlərlə deyil, azaltdığımız emissiyalar, yaratdığımız dayanıqlılıq, səfərbər etdiyimiz maliyyə və qoruduğumuz insanların həyatı ilə ölçüləcək. Dünya elə bir mərhələyə çatıb ki, icra liderliyin əsas sınağıdır”, - deyə Dmitri Şlapaçenko çıxışını yekunlaşdırıb.
dəqiqələr içində saytın olsun.